Zaqatalada “Xalqımızın milli-dini adət-ənənələri və dini radikalizm” mövzusunda seminar-müşavirə keçirilib.
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin təşkilatçılığı ilə Bakı İslam Universitetinin Zaqatala filialında “Xalqımızın milli-dini adət-ənənələri və dini radikalizm” mövzusunda seminar-müşavirə keçirilib. Tədbirdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi sədrinin müavini Səyavuş Heydərov, Zaqatala Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Elman Ramazanov, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Zaqatala və Şəki bölgəsi üzrə şöbələrinin əməkdaşları, QMİ-nin səlahiyyətli nümayəndələri, eləcədə də Oğuz, Şəki, Qax, Zaqatala və Balakən rayonlarında fəaliyyət göstərən din xadimləri və dini icma sədrləri, Bakı İslam Universitetinin Zaqatala filialının, Zaqatala Əliabad mədrəsəsinin və Şəki İslam mədrəsəsinin tələbə və müəllimləri iştirak ediblər.
Tədbiri giriş sözü ilə Zaqatala Rayon İcra Hakimiyyəti Başçısının birinci müavini Elman Ramazanov açaraq qonaqlara Zaqatala rayonundakı dini durum, dini icmaların fəaliyyəti barədə məlumat verib.
Tədbirdə çıxış edən Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi sədrinin müavini Səyavuş Heydərov İslamı siyasi proseslərdən kənarda tutmağın vacibliyini və dünyada gedən siyasi proseslərdə dinin siyasiləşməsi amilinin hansı fəsadlara gətirib çıxardığını tədbir iştirakçılarının diqqətinə çatdırıb. Eyni zamanda, bu cür proseslərin Azərbaycanda da həyata keçirməkdə maraqlı olan qüvvələrin mövcud olduğunu və Azərbaycanda olan əmin-amanlıq mühitinin qorunub saxlanılmasının hər bir ölkə vətəndaşının ən ali məqsədlərindən biri olduğunu vurğulayıb. S. Heydərov daha sonra qeyd edib ki, heç bir din insanları radikalizmə, terrorçuluğa çağırmır. İslam dininin məqsədi insanlara yaxşı əxlaq və gözəl davranış nümunələri təbliğ etmək və aşılamaqdır. Heç bir terrorçuluq fəaliyyəti İslam dininin ayağına yazılmamalıdır. Hər bir Azərbaycan vətəndaşı dinindən, dilindən, millətindən asılı olmayaraq qanun qarşısında bərabərdir. Azərbaycan xalqının ideoloji düsturu əsası Ümummilli Lider Heydər Əliyev tərəfindən qoyulan “Azərbaycançılıq” olmalıdır: “Biz öncə azərbaycanlı, sonra ümmətçiyik. Dini təhlükəsizlik və multikultural təhlükəsizlik Azərbaycanın dövlət təhlükəsizliyinin mühüm elementidir”.
Sonda S. Heydərov onu da vurğulayıb ki, dövlətin dinə qayğısı daha da artırılacaq. Hər sahədə olduğu kimi, bu sahə də ölkə rəhbərliyinin diqqətindədir.
Tədbirdə Qafqaz Müsəlmanları İdarəsinin səlahiyyətli nümayəndəsi Kamran Məmmədov çıxış edərək bildirib ki, ölkə vətəndaşları dini mənsubiyyətindən asılı olmayaraq dövlətin qayğısı və himayəsi altındadır. Prezident cənab İlham Əliyev dini dəyərlərimizə böyük önəm verir. Gəncə şəhərində İmamazadə kompleksinin açılış mərasimi bunun əyani nümunəsidir.
Tədbirdən sonra Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi sədrinin müavini Səyavuş Heydərov Bakı İslam Universitetinin Zaqatala filialının inzibatı binası və Zaqatala şəhər məscidi ilə tanış olub.