Şriftin ölçüsü :

Saytın rəngi :

Rayonda 2015-ci ilin yekunlarına həsr olunmuş geniş hesabat yığıncağı keçirilmişdir.

11 fevral 2016 | 16:00

Respublikada aparılan uğurlu iqtisadi siyasət nəticəsində 2015-ci ildə Zaqatala rayonunda da iqtisadiyyatın dinamik inkişafı təmin olunub. Hesabat ilində rayonda 248,7 milyon manatlıq məhsul istehsal edilib və xidmətlər göstərilib. Bu göstərici əvvəlki illə müqayisədə 11,2 faiz çoxdur. Məhsul istehsalı sənayedə 93,1 faiz, kənd təsərrüfatında 7,1 faiz, rabitədə 16,9 faiz, ticarətdə 10,9 faiz, nəqliyyat sektorunda isə 5,6 faiz artıb. Rayonda sahibkarlığın inkişafı diqqət mərkəzində saxlanılıb, sahibkarlara 54 layihə üzrə 506,8 min manat həcmində güzəştli kredit verilib. Ötən il rayonda 1001-i daimi olmaqla, 1056 yeni iş yeri açılıb.

Bu faktlar 2015-ci ilin yekunları və qarşıda duran vəzifələrlə bağlı Zaqatalada keçirilən rayon icra hakimiyyətinin başçısı yanında şuranın geniş iclasında hesabat məruzəsində səsləndirilib.

İclas iştirakçıları əvvəlcə ümummilli lider Heydər Əliyevin abidəsi önünə gül-çiçək düzüb, xatirəsini ehtiramla yad ediblər. Sonra tədbir iştirakçıları Heydər Əliyev Mərkəzinin həyətində rayonda istehsal olunan məhsulların sərgisinə baxıblar. Ümummilli lider Heydər Əliyevə və Zaqatala rayonunun sosial-iqtisadi inkişafına həsr olunan filmlər nümayiş etdirilib.

Rayon icra hakimiyyətinin başçısı Mübariz Əhmədzadə hesabat məruzəsində diqqətə çatdırıb ki, “Kənd təsərrüfatı ili” elan edilən 2015-ci ildə rayonda aqrar sahədə məhsul istehsalı əvvəlki illə müqayisədə 7,1 faiz və ya 7 milyon 374 min manat artaraq, 110 milyon 651 min manat olub. Hesabat dövründə rayonda 34 min 411 ton taxıl istehsal olunub. Məhsul istehsalı əvvəlki ilə nisbətən 43,9 faiz və ya 10 min 498 ton artıb. Ümumiyyətlə, ötən il bütün növ bitkiçilik və heyvandarlıq məhsulları istehsalında əvvəlki illə müqayisədə artım qeydə alınıb.

Bildirilib ki, 2015-ci ildə ekoloji məsələlər diqqət mərkəzində saxlanılıb, rayon ərazisində 115 mindən çox ağac əkilib, 60 hektar sahədə mədəni meşə əkini aparılıb. Azərbaycan Prezidentinin müvafiq Sərəncamına əsasən, rayonun kəndlərində 12 subartezian quyusu qazılıb. Bundan əlavə, “Meliorasiya və Su Təsərrüfatı” ASC tərəfindən ötən il kəndlərdə 30 subartezian quyusu təmir edilib, 6 kəndin 2101 hektar əkin sahəsinin suvarılmasına xidmət edən ikipilləli “Alazan” nasos stansiyasının suvarma şəbəkəsinin təmiri işləri həyata keçirilib.

Diqqətə çatdırılıb ki, 2015-ci ildə rayonda bütün maliyyə mənbələri hesabına 28,8 milyon manat həcmində tikinti, abadlıq və quruculuq işləri görülüb.

Prezident İlham Əliyevin Zaqatalaya növbəti səfəri zamanı Heydər Əliyev Mərkəzinin və Azərbaycan Müəllimlər İnstitutunun Zaqatala filialının yeni binalarının, 100 yerlik körpələr evi-uşaq bağçasının, Zaqatala-Danaçı-Aşağı Çardaxlar avtomobil yolunun 24,5 kilometrlik hissəsinin açılışı olub.

Bundan əlavə, ötən il Yevlax-Zaqatala-Gürcüstan dövlət sərhədi magistral avtomobil yolunun Yuxarı Tala kəndi ərazisindən keçən 1,8 kilometrlik hissəsinin genişləndirilməsi işlərinə başlanılıb. Yuxarı Tala və Yengiyan kəndlərində 450 və 264 şagird yerlik yeni məktəb binaları tikilib istifadəyə verilib. Rayonda müvəqqəti məskunlaşmış məcburi köçkün ailələri üçün zəruri sosial-texniki infrastrukturu olan yeni yaşayış məhəlləsinin salınmasına başlanılıb və hazırda burada tikinti işləri davam etdirilir.

Hesabat məruzəsində 2015-ci ildə rayon əhalisinin təbii qaz, elektrik enerjisi, içməli su və digər xidmətlərlə təminatının yaxşılaşdırılması istiqamətində görülən işlərdən bəhs edilib. Diqqətə çatdırılıb ki, ötən il rayonun Əliabad qəsəbəsinə və 12 kəndinə təbii qaz verilib. “Azərişıq” ASC-nin Zaqatala elektrik şəbəkəsi tərəfindən əhalinin fasiləsiz elektrik enerjisi ilə təmin edilməsi məqsədilə 20 ədəd yeni tipli müxtəlif güclü transformator məntəqəsi quraşdırılıb, hava xətlərində təmir işləri aparılıb.

Məruzə ətrafında çıxış edənlər hesabat dövründə təmsil etdikləri qurumlar tərəfindən görülən işlər barədə məlumat veriblər.

Yığıncaqda Milli Məclisin deputatları Kamilə Əliyeva, Elşən Musayev, Azərbaycan Respublikası Prezidenti Administrasiyasının məsul işçisi Rüfət Əliyev çıxış edərək, 2015-ci ildə respublikamızda sosial-iqtisadi sahədə qazanılan uğurlardan danışıb, tövsiyələrini bildiriblər.

Sonra 2015-ci ildə səmərəli fəaliyyətinə görə bir qrup şəxs rayon icra hakimiyyətinin fəxri fərman və qiymətli hədiyyələri ilə mükafatlandırılıb. YAP sıralarına yeni daxil olan gənclərə üzvlük vəsiqələri təqdim edilib.

Sonda yığıncaq iştirakçıları adından Prezident İlham Əliyevə müraciət qəbul olunub.

Keçidlər