Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi Zaqatalada ictimaiyyət nümayəndələri ilə görüşüb
Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi Mədət Quliyev yanvarın 30-da Zaqatalada rayon ictimaiyyətinin nümayəndələri, yerli iş adamları və sahibkarlarla görüşüb.
Mədəniyyət Mərkəzində keçirilən tədbiri rayon icra hakimiyyətinin başçısı Mübariz Əhmədzadə açaraq son illər rayonda görülən işlər, regionların sosial-iqtisadi inkişafına dair Dövlət proqramlarının icrası istiqamətində həyata keçirilən tədbirlər və nəzərdə tutulan layihələr barədə məlumat verib. Bildirilib ki, son illər Prezident İlham Əliyev Zaqatala rayonuna 7 dəfə səfər edib. Bu səfərlərin nəticəsi olaraq, dövlətimizin başçısı rayonun sosial-iqtisadi inkişafının sürətləndirilməsi ilə bağlı bir sıra sərəncamlar imzalayıb. Vurğulanıb ki, Prezident İlham Əliyevin diqqət və qayğısı sayəsində respublikanın digər bölgələrində olduğu kimi, Zaqatala rayonunda da bu illər ərzində onlarla yeni müəssisə istifadəyə verilib, şəhər və kəndlərdə geniş abadlıq-quruculuq işləri aparılıb, yaşayış məntəqələrinin böyük hissəsi qazlaşdırılıb, minlərlə yeni iş yeri yaradılıb, əhalinin güzəranı daha da yaxşılaşıb. Zaqatalalılar bu qayğıya görə dövlətimizin başçısına minnətdarlıqlarını bildirirlər.
Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi Mədət Quliyev regionların 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramının ikinci ilinin yekunlarına həsr olunan konfransda müzakirə edilən məsələlər, həmçinin Prezident İlham Əliyevin dövlət qurumları və yerli icra strukturları qarşısında qoyduğu vəzifələr barədə ətraflı məlumat verib.
Ötən əsrin 90-cı illərinin əvvəllərində ölkəmizin ictimai-siyasi həyatında baş verən proseslərə qısa nəzər salan Xidmət rəisi məhz Ulu Öndərin qətiyyəti və uzaqgörən siyasəti nəticəsində Azərbaycanın dövlətçiliyinin məhv olmaq təhlükəsindən xilas olduğunu, müstəqilliyimizin əbədi və dönməzliyinin təmin edildiyini vurğulayıb.
Mədət Quliyev bildirib ki, ümummilli lider Heydər Əliyevin siyasətini uğurla davam etdirən Prezident İlham Əliyevin həyata keçirdiyi sosial-iqtisadi siyasət nəticəsində bu gün ölkəmiz dinamik inkişaf edir, makroiqtisadi sabitlik qorunub saxlanılır, özəl bölmənin inkişafı üçün mühüm tədbirlər görülür.
Çıxışının sonunda Xidmət rəisi xüsusi qeyd etdi ki, Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə dövlətimizin maraqları və təhlükəsizliyi bundan sonra da etibarlı təmin olunacaq.
Milli Məclisin deputatı Kamilə Əliyeva çıxışında antiböhran tədbirləri barədə məlumat verərək bildirdi ki, son günlərdə əmək haqları, pensiya və müavinətlər artırılıb. Bununla bağlı Prezident İlham Əliyevin imzaladığı sərəncamlar bir daha təsdiq edir ki, insanların sosial rifahının yaxşılaşdırılması dövlətimizin başçısı üçün ümdə məsələlərdən biridir. Dünyanın heç bir ölkəsində böhran vəziyyətində əmək haqlarının, pensiyaların, müavinətlərin artırılmasına rast gəlinmir.
Görüşdə sahibkar Qəmər Mustafayeva, fermer təsərrüfatının rəhbəri Xalid Məmmədov, “Eko-Zaqatala” MMC-nin rəhbəri Mövlüddin Qurbanəliyev, “Zaqatala-Çay” ASC-nin sədri Abdulməcid Şabanov və başqaları çıxış edərək sahibkarlığın inkişafına, regionların sosial-iqtisadi inkişafına göstərdiyi qayğıya görə dövlətimizin başçısına minnətdarlıqlarını bildiriblər.