Zaqatalada “Multikulturalizm və vətənpərvərlik” mövzusunda seminar təşkil edilib
Yanvarın 7-də Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondu və Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin birgə təşkilatçılığı ilə Zaqatala şəhərində gənclərin maarifləndirilməsi məqsədilə “Multikulturalizm və vətənpərvərlik” mövzusunda seminarlar keçirilib.
Zaqatala rayonu Zərifə Əliyeva adına liseydə açılışı olan tədbirdə layihənin rəhbəri Rəvan Həsənov Azərbaycanda multikulturalizmin dövlət siyasəti olması, Azərbaycan multikulturalizminin siyasi və hüquqi əsasları, mədəni müxtəlifliyin qorunmasında gənclərin rolu mövzusunda çıxış edib. Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan xalqının əvəzsiz sərvəti olan multikulturalizm ənənələrinin dünyaya ixrac olunmasında gənclərin danılmaz rolunu qeyd edən layihə rəhbəri Azərbaycan Respublikasının millətlərarası, multikulturalizm və dini məsələlər üzrə Dövlət müşaviri, akademik Kamal Abdullayevin təşəbbüsü ilə “Azərbaycan multikulturalizmi” fənninin dünyanın müxtəlif nüfuzlu universitetlərində və eləcə də Azərbaycan universitetlərində tədris olunduğunu vurğulayıb.
Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin analitika şöbəsinin baş məsləhətçisi Rəşad İlyasov çıxışında multikulturalizmin Azərbaycan ədəbi və bədii qaynaqlarındakı izlərindən bəhs edərək ədəbiyyatımızda “Kitabi-Dədə Qorqud” dastanından “Əli və Nino”ya qədər çoxmədəniyyətliliyin özünü göstərdiyini qeyd edib.
Zaqatala Rayon İcra Hakimiyyətinin nümayəndəsi İlqar Vəliyev və Zərifə Əliyeva adına liseyin direktoru Kəmalə Əhmədova gənclərin maarifləndirilməsi baxımından regionlarda təşkil olunan həmin müzakirələrin önəmini vurğulayıb. O, belə müzakirələrin gəncləri dini radikalizmdən qorumağın ən yaxşı yollarından biri olduğunu deyib.