Şriftin ölçüsü :

Saytın rəngi :

Son illər Zaqatalada 32 yeni məktəb binası tikilib

05 yanvar 2016 | 16:00

Son illər Zaqatala rayonunda təhsil müəssisələrinin maddi-texniki bazasının möhkəmləndirilməsi istiqamətində davamlı tədbirlər həyata keçirilir. Təkcə 2010-2015-ci illər ərzində rayonda dövlət vəsaiti hesabına 32 yeni məktəb binası tikilib istifadəyə verilib, 7 məktəb əsaslı təmir olunub. Bu məktəb binalarından 23-ü bölgədə baş vermiş güclü zəlzələ nəticəsində qəzalı vəziyyətə düşən məktəblər üçün inşa edilib. Zəlzələdən zərər çəkmiş daha 6 məktəb binasında isə bərpa-gücləndirilmə işləri aparılıb.

Müasir standartlara uyğun inşa edilən məktəb binalarında tədrisin keyfiyyətinin yüksəldilməsi, şagirdlərin yaxşı təhsil almaları üçün hər cür şərait yaradılıb, məktəblər yeni inventar və avadanlıqla təchiz olunub.

AZƏRTAC xəbər verir ki, yola saldığımız 2015-ci il də rayonda yeni məktəb binalarının tikintisi ilə yaddaqalan olub. Belə ki, il ərzində rayonun Yuxarı Tala və Yengiyan kəndlərində tam orta məktəblər üçün 450 və 264 şagird yerlik yeni binalar, həmçinin Kebeloba kəndində ümumi orta məktəb üçün 5 sinif otağından ibarət əlavə tədris korpusu tikilib şagirdlərin istifadəsinə verilib.

Rayon təhsil şöbəsindən verilən məlumata görə, hazırda rayonda fəaliyyət göstərən 67 ümumtəhsil məktəbindən 62-də tədris bir növbəlidir. Bu məktəblərdə oxuyan 16 mindən çox şagirdin böyük əksəriyyəti yeni tikilən məktəblərdə təhsil alır.

Zaqatala, 5 yanvar, Mustafa Dadaşov, AZƏRTAC

Keçidlər