Şriftin ölçüsü :

Saytın rəngi :

Zaqatala məktəbliləri tur-aksiyaya böyük həvəslə qoşulublar

16 noyabr 2015 | 16:00

Azərbaycan Prezidenti İlham Əliyevin tapşırığına əsasən ötən ildən etibarən ümumtəhsil məktəblərinin yuxari sinif şagirdləri üçün “Ölkəmizi tanıyaq” devizi ilə keçirilən maarifləndirici tur-aksiyalar yeniyetmə və gənclərin vətənpərvərlik, tarixi-mədəni irsimizə hörmət ruhunda tərbiyə olunmasına, dünyagörüşünün daha da zənginləşməsinə xidmət edir. Ölkəmizin tarixini, mədəniyyətini, müstəqillik illərində qazanılan nailiyyətləri dərindən öyrənmək məqsədi daşıyan bu layihə dövlətimizin başçısının yetişməkdə olan gənc nəslə tükənməz qayğısının daha bir təzahürüdür.

Bu fikirlər tur-aksiyanın növbəti mərhələsi çərçivəsində respublikamızın şimal bölgəsinə səyahətə çıxan Zaqatala məktəblilərinin yola salınması münasibətilə keçirilən mərasimdə səsləndirilib.

Noyabrın 16-da məktəbliləri yola salmaq üçün Zaqatala şəhərində yeni istifadəyə verilən Heydər Əliyev Mərkəzinin qarşısına rayonun rəhbər işçiləri, müəllim və valideynlər toplaşmışdılar.

Aksiya iştirakçıları əvvəlcə ümummilli lider Heydər Əliyevin burada qoyulmuş abidəsi önünə gül-çiçək düzüb, xatirəsini ehtiramla yad ediblər.

Mərasimdə çıxış edən rayon icra hakimiyyətinin başçısı Mübariz Əhmədzadə, müəllim və valideynlər ekskursiyanın məktəblilər üçün faydalı olacağına, şagirdlərin Quba, Qusar və Xaçmaz rayonlarından zəngin təəssüratla qayıdacaqlarına əminliklərini ifadə ediblər. Vurğulanıb ki, bu layihə Prezident İlham Əliyevin yeniyetmə və gənclərin hərtərəfli inkişafına göstərdiyi diqqət və qayğının bariz nümunəsidir.

Qrupun rəhbəri, rayon təhsil şöbəsinin metodisti Günəş Əsgərova AZƏRTAC-a müsahibəsində deyib: “Bu gün məktəblilərin həyatında unudulmaz bir gündür. Onların əksəriyyəti ilk dəfədir respublikamızın dilbər guşələrinə səyahət edirlər. Bu gənclər şimal bölgəsinin tarixi məkanlarını, məşhur turizm obyektlərini indiyədək yalnız televiziya ekranlarından izləyiblər. İndi isə bu gözəllikləri öz gözləri ilə görəcəklər”.

Zaqatala şəhərindəki 2 saylı tam orta məktəbin şagirdi Arazxan Məmmədov, Gözbarax kənd məktəbinin şagirdi Ülkər Kərimova və digər məktəblilər bu möhtəşəm layihədə iştirak etdiklərinə görə böyük sevinc hissi keçirdiklərini bildiriblər.

Rayon rəhbərliyinin, müəllim və valideynlərin xeyir-duasından sonra məktəblilər onlar üçün ayrılmış avtobusla Quba-Qusar-Xaçmaz marşrutu üzrə yola düşüblər.

Keçidlər