Şriftin ölçüsü :

Saytın rəngi :

Zaqatala rayonunda zəlzələ baş vermişdir

08 may 2012 | 15:00

7 may 2012-ci il tarixdə saat 9:40-da Zaqatala şəhərinin 17 km cənub qərbində 12 ballıq cədvəl üzrə 7 bal gücündə yeraltı təkan qeydə alınmış, dağıdıcı zəlzələ baş vermişdir.
Rayon Fövqəladə Hallar Komissiyasının iclası keçirilmiş, zəlzələnin əhatə etdiyi ərazidəki vəziyyətin öyrənilməsi üçün işçi qrupları yaradılaraq vəziyyət operativ şəkildə araşdırılmışdır.
Zəlzələ baş verdikdən dərhal sonra Azərbaycan Respublikası Fövqəladə Hallar naziri rayona gəlmiş və zəlzələnin daha çox təsir etdiyi yaşayış məntəqələrində vəziyyətlə tanış olmuşdur.
Fövqəladə Hallar nazirliyinin hissələri rayona zəruri olan vasitələrin gətirilməsini təmin etmiş, qərargah yaradılaraq fəaliyyətə başlamışdır.
Müəyyən olunmuşdur ki, birinci zəlzələ nəticəsində rayonun 20 yaşayış məntəqəsində 52 fərdi yaşayış evi uçmuş, 330 evdə qəzalı vəziyyət yaranmış, 40 sosial obyektdə çatlar əmələ gəlmişdir.
Gün ərzində həmin episentrdə 12 ballıq cədvəl üzrə saat 19:15-də təkrar 7 bal gücündə yeraltı təkanın baş verməsi daha ciddi dağıntılara səbəb olmuşdur. Ümumiyyətlə 8 may saat 15-dək 150-yə yaxın avtoşok olmuşdur ki, onların 6-ı daha ciddi hiss olunmuşdur.
Zəlzələnin episentrində yerləşən Gözbarax, Mamrux, Zəyəm, Muxax, Bazar, Qımır, Çobankol kənd yaşayış məntəqələrinə daha çox ziyan dəymişdir.
Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin hissələrinin yerlərdə xilasetmə və digər tədbirlərin həyata keçirilməsinə kömək məqsədi ilə RİHB-nın sərəncamına əsasən zonalar üzrə təhkimçilər təyin edilmiş, yerlərdə və RİH-də qərargahlar yaradılmışdır.
Fövqəladə Hallar Hazirliyi tərəfindən rayona lazımi texnika və avadanlıq, çadırlar, ərzaq və digər tələb olunan materiallar gətirilmişdir. Qısa müddətdə zəlzələdən zərər çəkən ailələrə çadırların verilməsinə başlanmış və ərzaq yardımı göstərilmişdir. Əhalinin yaşadığı çadır şəhərciklərinə istirahət üçün televizorlar, işıq generatorları verilmiş, su təchizatı üçün sudaşıyan avtomobillər ayrılmışdır. Zəlzələ bölgəsinə təcili yardım tibb briqadaları göndərilmiş, tibb məntəqələri yaradılmışdır. Daha çox dağıntıya məruz qalan Qımır, Gözbarax kəndlərində səyyar hamamlar quraşdırılmışdır.
Yeraltı təkanların mütəmadi baş verdiyini nəzərə alaraq insan tələfatının qarşısını almaq məqsədilə Respublika Təhsil Nazirliyi ilə razılaşdırılmaqla rayon İcra Hakimiyyəti başçısının sərəncamına əsasən ümumtəhsil məktəblərində və məktəbəqədər tədris müəssələrində tədris müvəqqəti dayandırılmışdır.
9 may 2012-ci il tarixdə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev zəlzələdən zərər çəkmiş bölgənin sakinləri ilə görüşmək və təbii fəlakətin nəticələrinin aradan qaldırılması ilə bağlı görülən tədbirlərlə yerində tanış olmaq üçün təyyarə ilə Zaqatala rayonuna gəlmişdir.
Dövlət başçısı helikopterlə zəlzələnin episentirindəki ərazini seyr etdikdən sonra zəlzələdən daha çox ziyan çəkmiş Gözbarax kəndinin əhalisi ilə görüşmüş, təbii fəlakətin nəticələrinin qısa zaman ərzində aradan qaldırılacağını, zərər çəkmiş evlərin, eləcə də ərazidə yerləşən sosial obyektlərin bərpa olunacağını qeyd edərək müvafiq tapşırıqlarını vermiş, xoşbəxtlikdən heç bir insan itkisinin olmamasını xüsusi vurğulamışdır.
Gözbarax kənd sakinləri Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə zəlzələnin baş verdiyi bölgəyə gələrək təbii fəlakətdən zərər çəkmiş insanlara diqqət və qayğı göstərdiyinə və aidiyyatı dövlət qurumlarına müvafiq tapşırıqlar verdiyinə görə dərin təşəkkürlərini və minnətdarlıqlarını bildirmişlər. Onlar ümüdvar olduqlarını bildirmişlər ki, Azərbaycan Prezidentinin rəhbərliyi altında xalqımız bu çətin sınaqdan da şərəflə çıxacaqdır.
Daha sonra Zaqatala rayonunda zəlzələ ilə bağlı yaradılan gərargahda Prezident İlham Əliyevin sədrliyi ilə müşavirə keçirilmişdir. Fövqəladə Hallar Naziri Kəmaləddin Heydərov Prezident İlham Əliyevə təbii fəlakətin nəticələri barədə ətraflı məlumat vermişdir.
Zəlzələ nəticəsində dəymiş ziyanın müəyyən edilməsi məqsədi ilə Fövqəladə Hallar Hazirliyinin, Maliyyə Nazirliyinin və rayon İcra Hakimiyyətinin nümayəndələrindən ibarət işçi qrupları yaradılaraq fəaliyyət göstərir.
Uçmuş evlərin yenidən tikilməsi üçün fərdi evlərin layihələrinin işlənilməsi və tikinti materiallarının və texnikanın rayona daşınması surətlə davam etdirilir. Qısa müddət ərzində FHN tərəfindən rayona tikintidə istifadə edilən texnika, 140 ton sement, taxta və sair tikinti materialları, “Meliorasiya və Su təsərrüfatı” ASC tərəfindən 20 min ədəd mişardaşı, 54 ton sement gətirilmişdir.
Baş vermiş zəlzələ və gündəlik davam edən yeraltı təkanlar nəticəsində 18 may 2012-ci il tarixə ziyan çəkmiş ərazidə 7044 ailə qəzalı evlərdən çıxarılaraq çadırlarda və digər yerlərdə yerləşdirilmişdir. Ziyan çəkmiş kəndlərdə hər gün rayon rəhbərliyi və Fövqəladə Hallar Nazirliyinin nümayəndələri olmaqla vəziyyət daim nəzarətdə saxlanılır və qaldırılmış məsələlər Fövqəladə Hallar Nazirliyinin qərargahında operativ həll edilir.
Hal-hazırda FHN-nin bölgədə yaradılmış gərargahı yerli icra strukturları ilə birgə təbii fəlakətin nəticələrinin aradan qaldırılması və ziyan çəkmiş əhalinin ehtiyaclarının ödənilməsi, ərzaq və digər yardımların göstərilməsi istiqamətində işlərini davam etdirir.
 

Keçidlər