Şriftin ölçüsü :

Saytın rəngi :

Zaqatalanın Mosul kəndinə ilk dəfə təbii qaz verilib

07 noyabr 2015 | 16:00

Noyabrın 7-də Zaqatala rayonunun Mosul kəndinə ilk dəfə təbii qaz verilib.

685 abonenti olan kəndin qazlaşdırılması üçün birpilləli sistem əsasında ümumi uzunluğu 3 min 915 metr olan müxtəlif diametrli polietilen və ümumi uzunluğu 36 min 622 metr olan metal borularla daşıyıcı və məhəllədaxili qaz xətləri çəkilib, mənzillərə sayğac və fərdi tənzimləyicilər quraşdırılıb.

Bu münasibətlə keçirilən mərasimdə bildirilib ki, hazırda rayonun 24 yaşayış məntəqəsinin əhalisi təbii qazdan istifadə edir. Təkcə 2015-ci ildə rayonun 8 kəndinə “mavi yanacaq” verilib. Əhali abonentləri üzrə qazlaşma 71 faiz təşkil edir. Cari ilin sonunadək Aşağı Çardaxlar və Car kəndlərinə də təbii qazın verilməsi təmin olunacaq.

Mərasimdə Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin prezidenti Rövnəq Abdullayev çıxış edərək, regionların 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafına dair Dövlət Proqramına uyğun olaraq, respublikanın bütün yaşayış məntəqələrinin, o cümlədən ən ucqar kəndlərin qazlaşdırılması istiqamətində davamlı tədbirlərin həyata keçirildiyini, ölkə üzrə qazlaşmanın artıq 90 faizə çatdırıldığını bildirib.

Rayon icra hakimiyyətinin başçısı Mübariz Əhmədzadə regionların inkişafına, əhalinin sosial problemlərinin həllinə göstərdiyi yüksək diqqət və qayğıya görə zaqatalalılar adından Prezident İlham Əliyevə minnətdarlığını bildirib.

Sonra qaz xəttinin açılışını bildirən məşəl alovlandırılıb.

Keçidlər