Ötən tədris ili Zaqatala rayonunun təhsil işçiləri üçün uğurlu olub
Zaqatala rayon təhsil işçilərinin ənənəvi sentyabr konfransının iştirakçıları əvvəlcə ümummilli lider Heydər Əliyevin mədəniyyət və istirahət parkında ucaldılmış abidəsi önünə gül-çiçək düzüb, xatirəsini ehtiramla yad ediblər.
Rayon Mədəniyyət Mərkəzində keçirilən konfrans təhsilə dövlət qayğısından bəhs edən filmin nümayişi ilə başlayıb.
Konfransda rayon təhsil şöbəsinin müdiri Habil Qurbanovun “2014-2015-ci dərs ilinin yekunları və yeni dərs ilində qarşıda duran vəzifələr” mövzusunda məruzəsi dinlənilib.
Bildirilib ki, yüksək dövlət qayğısı ilə əhatə olunan Azərbaycan təhsilinin uğurlarının günü-gündən artmasının, inkişaf etməsinin və dünya təhsilinə qovuşmasının təməlində ulu öndər Heydər Əliyev tərəfindən müəyyən edilmiş siyasi kurs və bu kursun Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi dayanır. Son illər təhsilin maddi-texniki bazasının möhkəmləndirilməsi istiqamətində mühüm addımlar atılıb. Struktur dəyişiklikliyi, yeni idarəçilik sistemi, müəllimlərin işə qəbulu qaydalarında şəffaflığın təmin olunması, təlimat və qaydaların yenidən işlənməsi təhsilin keyfiyyətinin yüksəlməsinə xidmət edir.
Diqqətə çatdırılıb ki, ötən dərs ilində rayonda 67 ümumtəhsil məktəbi, 14 ümumi orta, 4 ibtidai məktəb, həmçinin 41 məktəbəqədər və 5 məktəbdənkənar tərbiyə müəssisəsi fəaliyyət göstərib. Məktəb binalarından 53-ü birtipli layihə əsasında tikilib, 14 məktəb isə uyğunlaşdırılmış binalarda yerləşdirilib. Bu məktəblərdə təhsil alan 16 min 110 nəfər şagirdin təlim-tərbiyəsi ilə 2 min 745 müəllim məşğul olub.
Rayonun təhsil müəssisələrinin yeni dərs ilinə hazırlıq vəziyyəti barədə məlumat verən məruzəçi Yuxarı Tala kənd 2 saylı tam orta məktəb binasının tikintisinin başa çatdığını, Yengiyan kənd məktəbinin binasında son tamamlama işlərinin aparıldığını, Kebeloba kənd məktəbinin əsaslı təmir olunduğunu diqqətə çatdırıb. Bildirilib ki, yeni dərs ili ərəfəsində rayonun məktəblərinə 87 adda 66 min dərslik paylanılıb.
Builki qəbul imtahanlarının nəticələrinin rayonun məzunları üçün çox uğurlu olduğunu vurğulayan təhsil şöbəsinin müdiri ali məktəblərə sənəd vermiş 520 məzundan 357 nəfərinin tələbə adını qazandığını diqqətə çatdırıb. Qeyd olunub ki, qəbul imtahanlarında Əliabad qəsəbə 1 saylı tam orta məktəbin məzunu Asya Mahmudova ən yüksək nəticə - 700 bal toplayıb. Bundan əlavə, 14 məzun 600-dən, 33 məzun isə 500 baldan yuxarı nəticə göstərib.
Bildirilib ki, ötən tədris ilinin yekunlarına görə, akademik Zərifə Əliyeva adına lisey və Humanitar Fənlər Gimnaziyası “Ən yaxşı ümumtəhsil məktəbi”, bir müəllim “Ən yaxşı müəllim” respublika müsabiqələrinin qalibi adını qazanıb, iki müəllim “Tərəqqi” medalına, bir müəllim isə “Əməkdar müəllim” adına layiq görülüb.
Konfransda rayon icra hakimiyyətinin başçısı Mübariz Əhmədzadə və Təhsil Nazirliyinin nümayəndəsi İsaq Məmmədov çıxış edərək rayonun təhsil işçilərinə yeni dərs ilində daha böyük uğurlar arzulayıb, tövsiyələrini bildiriblər.
Sonda bir qrup qabaqcıl təhsil işçisinə mükafatlar təqdim edilib.