Zaqatalada daha bir uşaq bağçası əsaslı təmirdən sonra istifadəyə verildi.
Sentyabrın 10-da Zaqatala rayonunun Üçüncü Tala kəndindəki körpələr evi–uşaq bağçası əsaslı təmirdən sonra yenidən istifadəyə verilib.
Bu münasibətlə keçirilən mərasimdə son illər məktəbəqədər təhsil müəssisələrinin maddi-texniki bazasının möhkəmləndirilməsi istiqamətində görülən işlərdən bəhs edilib. Bildirilib ki, son iki ildə rayonda zəlzələdən zərər çəkmiş 9 uşaq bağçasında dövlət vəsaiti hesabına yeni tikinti və bərpa-gücləndirilmə işləri aparılaraq balacaların istifadəsinə verilib. Bundan əlavə, Heydər Əliyev Fondu tərəfindən təqdim olunan “Məktəbəqədər təhsil müəssisələrinin inkişafı” proqramı çərçivəsində Zaqatala şəhərində hər biri 100 yerlik iki uşaq bağçasının tikintisi başa çatıb və bu bağçalar da yaxın vaxtlarda istifadəyə veriləcək.
Kənd ziyalıları, bağça işçiləri yeni dərs ili ərəfəsinə təsadüf edən belə dəyərli hədiyyəyə görə sakinlər adından Prezident İlham Əliyevə minnətdarlıqlarını bildiriblər.
Sonra rayon rəhbərliyi körpələr evi–uşaq bağçasında yaradılan şəraitlə yaxından tanış olub.