Şriftin ölçüsü :

Saytın rəngi :

Zaqatalada keçirilən əmək yarmarkasında 107 nəfərə işə düzəlmək üçün göndəriş verilib

10 sentyabr 2015 | 15:00

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidmətinin tədbirlər planına uyğun olaraq sentyabrın 10-da Zaqatala şəhərində növbəti əmək yarmarkası təşkil edilib.

Mədəniyyət Mərkəzində keçirilən tədbirdə rayon icra hakimiyyətinin məsul nümayəndəsi İlkin Şəfizadə, Dövlət Məşğulluq Xidmətinin aparıcı məsləhətçisi Cavid Süleymanov və rayon Məşğulluq Mərkəzinin direktoru Əsəd Musayev çıxış edərək qeyri-məşğul əhalinin sosial müdafiəsini gücləndirmək və onların əmək bazarında iştirakını təmin etmək məqsədi ilə keçirilən əmək yarmarkalarının əhəmiyyətindən danışıblar.

Yarmarkaya rayonda fəaliyyət göstərən 23 idarə, müəssisə, təşkilat və fiziki şəxslər tərəfindən 346 boş (vakant) iş yeri çıxarılıb. Fındıq emalı zavodu, Diaqnostika Mərkəzi, qaz istismar sahəsi yarmarkaya daha çox iş yeri çıxarıb. Təklif olunan əməkhaqqı 115-274 manat təşkil edib.

Üç yüzdən artıq işaxtaran vətəndaşın iştirak etdiyi yarmarkanın yekununda 107 nəfərə işə düzəlmək üçün göndəriş verilib. Bundan əlavə, 10 nəfər haqqı ödənilən ictimai işlərə cəlb olunmaq üçün qeydiyyata götürülüb.

Keçidlər