Şriftin ölçüsü :

Saytın rəngi :

Zaqatala rayonunda ümummilli liderimiz Heydər Əliyevin anadan olmasının 89-ci ildönümü ilə əlaqədar silsilə tədbirlər keçirilmişdir

11 may 2012 | 15:00

10 may 2012-ci il tarixdə Zaqatala rayonunda ümummilli liderimiz Heydər Əliyevin anadan olmasının 89-ci ildönümü ilə əlaqədar silsilə tədbirlər keçirilmişdir.
Tədbirdə Zaqatala rayon icra hakimiyyətinin başçısı Mübariz Əhmədzadə, hüquq-mühafizə orqanlarının rəhbərləri, YAP rayon təşkilatı fəalları və rayonun ictimaiyyət nümayəndələri iştirak etmişlər.
İlk öncə tədbir iştirakçıları Heydər parkında ulu öndərin abidə kompleksini ziyarət etmiş, önünə tər çiçəklər düzmüş, Azərbaycanın dahi oğluna öz ehtiramlarını bildirmişlər.
Sonra Heydər Əliyev mərkəzində "Tarix və şəxsiyyət" mövzusunda elmi-praktiki konfrans keçirilmişdir. Konfrans Azərbaycan Respublikasının dövlət himninin səsləndirilməsi ilə başlanmış, daha sonra ulu öndərə həsr olunmuş film nümayiş etdirilmişdir. Elmi-praktiki konfransda rayon icra hakimiyyətinin başçısı Mübariz Əhmədzadənin geniş məruzəsi dinlənilmişdir.
Məruzədə rayon rəhbəri xalqımızın dahi oğlu, ümummilli liderimiz Heydər Əliyevin Azərbaycanın idarəçilik sükanı arxasına keçdikdən sonra qısa müddətdə milli dövlətçilik doktrinasını irəli sürərək onun sürətli icrasına başladığını, üzləşdiyi çətinliklərə, maneələrə, dövlət çevrilişi cəhdlərinə cəsarətlə sinə gərərək mübarizlik, əyilməz iradə, dəmir məntiq, özünə inam və siyasi uzaqgörənlik kimi iradi keyfiyyətlərdən məharətlə bəhrələnərək xalqımızı vətəndaş qarşıdurmasından, müstəqilliyimizi itirmək təhlükəsindən xilas etdiyini, müasir tariximizə dövlətçiliyimizin xilaskarı, qurucusu kimi daxil olduğunu qeyd etmişdir. Daha sonra natiq ümummilli liderimiz Heydər Əliyev tərəfindən yaradılmış möhkəm təməl üzərində Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin apardığı uğurlu daxili və xarici siyasət nəticəsində ölkəmizin artıq dünyanın ən önəmli dövlətlərindən biri kimi tanındığını xüsusi vurğulamışdır.
Konfransda çıxış edən natiqlər həyata müstəqil Azərbaycan dövlətini yaratmaq missiyası ilə gələn ulu öndərimiz bütün həyatını Azərbaycana bəxş etdiyini, xalqımızın xöşbəxt gələcəyi naminə ömrünü xalqına bağışladığını, dövlətçiliyimizin, ölkəmizin iqtisadiyyatının, sosial-mədəni həyatının inkişafında, milli adət-ənənələrinin qorunub saxlanılmasında sonsuz fədakarlıq göstərdiyini qeyd etmişlər. Heydər Əliyev siyasi irsinin zəngin bir xəzinə olduğunu bildirən natiqlər bu xəzinədən xalqımızın məvəvi cəhətdən daim bəhrələnəcəyini və ondan Azərbaycan dövlətinin siyasətində həmişə istifadə olunacağını xüsusi vurğulamışlar.
Sonra tədbir iştirakçıları şəhərdə əsaslı təmir olunmuş Diş Poliklinikasının, Rayon Statistika idarəsinin yeni inzibati binasının və Maqov kəndində yeni tikilmiş tibb məntəqəsinin açılış mərasimlərində iştirak etmişlər. Rayon rəhbəri və tədbir iştirakçıları açılışı olmuş obyektlərə baxış keçirmiş, burada yaradılan şəraitlə yaxından tanış olmuş və kollektivə içlərində uğurlar arzulamışlar.
Sonra Heydər parkında gül bayramı keçirilmişdir. Bayramda müxtəlif gül kompozisiyaları, şəkil və plakatlar, əl işlərindən ibarət sərgilər nümayiş etdirilmişdir. Gül bayramı ümummilli liderimiz Heydər Əliyevin anadan olmasının 89-ci ildönümünə həsr olunduğu üçün hər bir gül çələngində, əl işlərinin mövzu və kompozisiyasında sevimli rəhbərə məhəbbət, onun xatirəsinə ehtiram və səmimiyyət hissləri qabarıq gözə çarpırdı.
Daha Sonra “Ulduz” şadlıq sarayında 9 may-Qələbə bayramının 67-ci ildönümü münasibəti ilə Zaqatala rayon icra hakimiyyətinin başçsı Mübariz Əhmədzadənin Böyük Vətən Müharibəsi Veteranları ilə görüşü keçirilmişdir.
Tədbirdə çıxış edən rayon rəhbəri veteranları ümummilli liderimiz Heydər Əliyevin anadan olmasının 89-cu ildönümü və 9 may-Qələbə bayramının 67-ci ildönümü münasibəti ilə təbrik etmiş, faşizm üzərində tarixi qələbənin əldə olunmasında bütün Azərbaycan xalqı kimi zaqatalalıların da payı olduğunu bildirmiş, ulu öndərin veteranlara həmişə böyük diqqət və qayğı ilə yanaşdığını və hal-hazırda bu siyasətin Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyev tərəfində uğurla davam etdirildiyini xüsusi vurğulamışdır.
Tədbirdə çıxış edən veteranlar keçdikləri şərəfli ömür yolundan danışmış, respublikamızda, o cümlədən Zaqatala rayonunda gedən tikinti, yenidənqurma və abadlıq işlərini yüksək qiymətləndirmiş, özlərinə göstərilən böyük diqqət və qayğıya görə ölkə Prezidenti cənab İlham Əliyevə dərin təşəkkürlərini bildirmişlər.
 

Keçidlər