Yuxarı Tala kəndində zəlzələdən zərər çəkmiş məktəb üçün yeni bina inşa edilib
Sentyabrın 15-də Zaqatala rayonunun Yuxarı Tala kəndində 2012-ci ilin mayında baş vermiş zəlzələ zamanı qəzalı vəziyyətə düşmüş 2 nömrəli tam orta məktəb üçün büdcə vəsaiti hesabına inşa edilən 450 şagird yerlik yeni məktəb binası şagirdlərin istifadəsinə verilib.
Bu münasibətlə keçirilən mərasimdə bildirilib ki, zəlzələnin nəticələrinin aradan qaldırılması ilə bağlı tədbirlər Prezident İlham Əliyevin daim diqqət mərkəzindədir. Təbii fəlakət nəticəsində uçub dağılan, qəzalı vəziyyətə düşən fərdi evlərin, məktəb və uşaq bağçalarının, infrastrukturun yenidən tikintisi və bərpası üçün dövlət büdcəsindən böyük məbləğdə vəsait ayrılıb. Bu vəsait hesabına təkcə Zaqatala rayonunda minlərlə fərdi ev, həmçinin 23 məktəb binası tikilib, 6 məktəb binasında, 9 uşaq bağçasında bərpa-gücləndirilmə işləri aparılıb, Azərbaycan Müəllimlər İnstitutunun filialı üçün yeni bina inşa edilib. Zaqatalalılar həyata keçirilən bütün bu tədbirlərə görə dövlətimizin başçısına minnətdarlıqlarını bildirirlər.
Diqqətə çatdırılıb ki, son 5 ildə rayonda 31 yeni məktəb binası istifadəyə verilib, 7 məktəb əsaslı təmir olunub.
Məktəbin açılışını bildirən rəmzi lent kəsildikdən sonra mərasim iştirakçıları yeni bina ilə tanış olublar.
Rayon rəhbərliyi daha sonra Kebeloba kəndində ümumi orta məktəb üçün büdcə vəsaiti hesabına inşa edilən 5 otaqdan ibarət əlavə tədris korpusunun açılış mərasimində iştirak edib.