Zaqatalada 150-dən çox könüllü qan verib
Səhiyyə Nazirliyinin tədbirlər planına uyğun olaraq sentyabrın 16-da Zaqatala Rayon Mərkəzi Xəstəxanasında növbəti qanvermə aksiyası keçirilib.
B. Eyvazov adına Elmi-Tədqiqat Hemotologiya və Transfiziologiya İnstitutunun nəzdindəki Mərkəzi Qan Bankının səyyar həkim briqadası tərəfindən həyata keçirilən aksiya zamanı 150-dən çox könüllü qan verib. Aksiyada mərkəzi xəstəxananın həkim və tibb işçiləri, rayon polis şöbəsinin, bank sektorunun əməkdaşları, yerli icra orqanlarının nümayəndələri fəallıq göstəriblər. Toplanan qan laboratoriya müayinəsindən keçirildikdən sonra Mərkəzi Qan Bankına təhvil veriləcək.
Davamlı olaraq keçirilən bu xeyirxah aksiyanın əsas məqsədi talassemiya və hemofiliyalı xəstəliklərdən əziyyət çəkən insanlara kömək göstərmək, onlara dəstək olmaqdır.