Bakıdakı internat məktəbinin şagirdləri Zaqatala rayonuna qonaq gəliblər
“Doğma Vətənimiz Azərbaycanı tanıyaq” adlı tur-ekskursiya çərçivəsində respublikamızın şimal-qərb bölgəsinə səfər edən Bakı şəhərindəki 11 nömrəli inteqrasiya təlimli internat məktəbində təhsil alan, kimsəsiz, dövlət himayəsində olan şagirdlərdən və onların müəllimlərindən ibarət 40 nəfərlik qrup sentyabrın 1-də Zaqatala rayonuna gəlib.
Ekskursiya iştirakçılarını Zaqatala şəhərindəki Mədəniyyət Mərkəzinin qarşısında rayon icra hakimiyyətinin məsul işçiləri, təhsil şöbəsinin rəhbərliyi mehribanlıqla qarşılayıblar.
Daha sonra tur-ekskursiya iştirakçıları şəhər internat məktəbinə gəliblər. Burada da səmimiyyətlə qarşılanan qonaqlara zaqatalalı məktəblilər gül-çiçək təqdim ediblər.
Tur-ekskursiya iştirakçıları sentyabrın 2-də Zaqatala rayonunun tarixi məkanlarına baş çəkəcək, şəhəri gəzəcək, Heydər Əliyev Mərkəzi, rayon tarix-diyarşünaslıq muzeyi, Dədə Qorqud meydanı, Tarix-Mədəniyyət Qoruğu, Heydər Əliyev adına mədəniyyət və istirahət parkı ilə tanış olacaq, parkda təşkil edilən konsert proqramını izləyəcəklər.