Şriftin ölçüsü :

Saytın rəngi :

Qəbul imtahanlarında 700 bal toplayan zaqatalalı abituriyent avtomobillə mükafatlandırılıb

02 sentyabr 2015 | 15:00

Sentyabrın 2-də Zaqatala şəhərindəki Mədəniyyət Mərkəzində ali məktəblərə builki qəbul imtahanlarında yüksək nəticə göstərərək tələbə adını qazanmış gənclərlə rayon rəhbərliyinin görüşü olub.

Müəllim və valideynlərin, ictimaiyyət nümayəndələrinin iştirak etdiyi tədbiri rayon təhsil şöbəsinin müdiri Habil Qurbanov açaraq ali məktəblərə qəbul imtahanlarında zaqatalalı məzunların qazandıqları uğurlar barədə danışıb. Bildirilib ki, bu il ali məktəblərə daxil olmaq üçün sənəd vermiş 520 məzundan 357 nəfəri tələbə adını qazanıb.

Qəbul imtahanlarında Əliabad qəsəbə 1 saylı tam orta məktəbin məzunu Asya Mahmudova ən yüksək nəticə - 700 bal toplayaraq Azərbaycan Tibb Universitetinin müalicə işi fakültəsinə daxil olub. Məzunlardan14 nəfəri 600-dən, 33 nəfəri isə 500 baldan yuxarı nəticə göstərib.

Tədbirdə yüksək balla ali məktəbə daxil olan Dinarə Həsrətova, valideynlər adından Sona Xodayeva, həmçinin Zaqatala rayonunda tur-ekskursiyada olan Bakı şəhəri 11 nömrəli inteqrasiya təlimli internat məktəbinin direktoru Gülnarə Abdullayeva çıxış edərək ölkəmizdə təhsilə göstərilən yüksək diqqət və qayğıya görə Prezident İlham Əliyevə, həmçinin Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, UNESCO və ISESCO-nun xoşməramlı səfiri Mehriban Əliyevaya minnətdarlıqlarını bildiriblər.

Rayon icra hakimiyyətinin başçısı Mübariz Əhmədzadə ali məktəblərə daxil olan gəncləri şərəfli tələbə adına layiq görülmələri münasibətilə təbrik edib, onlara Vətənimizə, xalqımıza gərəkli mütəxəssis kimi yetişməyi arzulayıb, müəllimlərin və valideynlərin etimadını doğrultmağı, rayonun adını daim uca tutmağı tövsiyə edib.

Tədbirdə qəbul imtahanlarında 600 baldan yuxarı nəticə göstərən tələbələrə mükafatlar təqdim olunub. Qəbul imtahanlarında 700 bal toplayan Asya Mahmudova isə rayon icra hakimiyyəti tərəfindən xüsusi hədiyyə - minik avtomobili ilə mükafatlandırılıb. İcra hakimiyyətinin başçısı Asya Mahmudovaya təntənəli surətdə avtomobilin açarlarını təqdim edib.

Görüşün sonunda xatirə şəkilləri çəkdirilib.

Keçidlər