Şriftin ölçüsü :

Saytın rəngi :

Yerli əhali dövlət sərhədlərinin mühafizəsində sərhədçilərə yaxından kömək edir

12 avqust 2015 | 15:00

Azərbaycan Sərhəd Mühafizəsinin yaradılmasının 96-cı ildönümü münasibətilə avqustun 12-də Zaqatala şəhərindəki Heydər Əliyev Mərkəzində “Sərhədi xalq qoruyur” mövzusunda tədbir keçirilib.

Zaqatala Sərhəd Dəstəsinin təşkilatçılığı ilə keçirilən tədbirdə Balakən, Zaqatala və Qax rayonlarının sərhədyanı yaşayış məntəqələrinin sakinləri, rayonların yerli icra hakimiyyəti orqanlarının rəsmiləri, ictimaiyyətin nümayəndələri, sərhədçi veteranlar iştirak ediblər.

Tədbir iştirakçıları əvvəlcə ümummilli lider Heydər Əliyevin mədəniyyət və istirahət parkında ucaldılmış abidəsi önünə gül-çiçək düzüb, dahi rəhbərin xatirəsini ehtiramla yad ediblər.

Tədbiri Zaqatala Sərhəd Dəstəsinin rəisi, polkovnik Hicran Hüseynov açaraq Vətənimizin sərhədlərinin mühafizəsinə göstərilən yüksək dövlət qayğısından, əldə olunan uğurlardan bəhs edib. Sərhəd Dəstəsinin rəisi bildirib ki, sərhədyanı yaşayış məntəqələrinin sakinləri ilə belə görüşlərin keçirilməsi çox vacib və aktualdır. Çünki yerli əhalinin dövlət sərhədlərinin mühafizəsində iştirakı qarşılıqlı əlaqələrin sıx və səmərəli qurulmasına kömək edir.

Qeyd olunub ki, Sərhəd Qoşunlarının formalaşması və bugünkü səviyyəyə çatması ümummilli lider Heydər Əliyevin adı ilə sıx bağlıdır. Milli dövlətçiliyimizin əsas atributlarından biri olan dövlət sərhədlərinin mühafizəsi məsələsi dahi rəhbərin hər zaman diqqət mərkəzində olub. Məhz Ulu Öndərin bilavasitə rəhbərliyi ilə dövlət sərhədlərinin mühafizəsi və gücləndirilməsi istiqamətində böyük işlər görülüb. Diqqətə çatdırılıb ki, bu gün Sərhəd Qoşunları dövlət sərhədlərinin etibarlı mühafizəsini təşkil etməyə qadir olan, intizamlı, yüksək döyüş hazırlıqlı, müasir texnika ilə təchiz edilən, peşəkar zabit korpusuna malik quruma çevrilib.

Tədbirdə Zaqatala Sərhəd Dəstəsi rəisinin müavini, polkovnik-leytenant Azad Abdullayevin mövzu ilə bağlı məruzəsi dinlənilib.

Sərhədçi veteran polkovnik-leytenant Cavanşir İsmayılov keçdiyi xidmət yolu, dövlət sərhədinin mühafizəsində yerli əhalinin rolu barədə danışıb.

Zaqatala Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Elman Ramazanov yerli əhalinin bundan sonra da dövlət sərhədinin mühafizəsində sərhədçilərə yaxından kömək edəcəyinə əminliyini bildirib.

Dövlət sərhədlərinin mühafizəsində sərhədçilərə yaxından kömək göstərən bir qrup yerli sakinə, həmçinin veteran sərhədçilərə qiymətli hədiyyələr təqdim olunub.

Tədbirin sonunda Azərbaycan Sərhəd Mühafizəsinə həsr olunan sənədli film nümayiş etdirilib.

Keçidlər