Zaqatalada qadın futbol festivalı maraqla qarşılanmışdır
Aprelin 28-də AFFA-nın təşkilatçılığı ilə Zaqatala şəhər stadionunda “Live your qoals” layihəsi çərçivəsində “FİFA U-17 qadınlararası dünya çempionatı. Azərbaycan-2012”-yə həsr olunmuş növbəti qadın futbol festivalı keçirilmişdir. FİFA-nın dəstəyi ilə keçirilən tədbirdə rayon icra hakimiyyətinin, təhsil müəssisələrinin, idman ictimaiyyətinin nümayəndələri iştirak etmişlər. Festivalın açılış mərasimində AFFA-nın nümayəndəsi Rüstəm Rəhimov və Regional Futbol Federasiyasının prezidenti İsgəndər Cavadov çıxış edərək tədbirin regionlarda futbolun kütləviliyinin daha da artırılması, qadın futbolunun inkişaf etdirilməsi məqsədi daşıdığını bildirmişlər. Layihə çərçivəsində ilk festivalın bu il martın 12-də AFFA Futbol Mərkəzindəki “Dalğa Arena”da təşkil olunduğu, Zaqataladan sonra daha 6 bölgədə də belə festivalların keçiriləcəyi diqqətə çatdırılmışdır.
Sonra 17 yaşadək qızlar yaşıl meydanda məharətlərini göstərmiş, məşqçi-müəllimlərin tapşırıqlarını yerinə yetirmişlər.