Zaqatala Arıçılar Birliyinin sədri: Arıçılıqda damazlıq işinin təşkili çox vacib məsələdir
Arıçılıq Azərbaycanda çox qədim tarixə malikdir. Ölkəmizin əlverişli iqlimi, zəngin bitki örtüyü arıçılığın inkişafını şərtləndirən başlıca amillərdəndir. İqtisadi cəhətdən gəlirli sahə olan arıçılıq həm də ətraf aləmin, ekoloji mühitin yaxşılaşdırılması baxımından ən səmərəli təsərrüfat sahəsi hesab olunur.
Təbiət möcüzəsi sayılan arıçılığın inkişaf etdirilməsi üçün son illər dünyada məqsədyönlü tədbirlər həyata keçirilir. BMT-nin bir neçə layihəsinə arıçılığın inkişaf etdirilməsi, bal arısının qorunması ilə bağlı proqramlar daxil edilib. Azərbaycanda da dövlətin aqrar siyasətində arıçılığın inkişafı diqqət mərkəzində saxlanılır. 2009-cu ildə “Arıçılıq haqqında” Qanunun qəbul edilməsi dövlətin bu sahənin inkişafında maraqlı olduğunu bir daha təsdiqləyir. Bundan əlavə, “2008-2015-ci illərdə Azərbaycan Respublikasında əhalinin ərzaq məhsulları ilə etibarlı təminatına dair Dövlət Proqramı”nda arıçılığın inkişaf etdirilməsi qarşıya məqsəd kimi qoyulub.
Zaqatala arıçıları da bu sahənin inkişafına öz töhfələrini verməkdədirlər. Zaqatala Arıçılar Birliyinin sədri, peşəkar arıçı Mövluddin Qurbanəliyev AZƏRTAC-a müsahibəsində deyib ki, gəlirli sahə olduğundan son illər rayonda da arıçılığa maraq xeyli artıb. Bir neçə il əvvəl rayonda 180 arıçılıq təsərrüfatı mövcud idi, hazırda isə Zaqatalada 400-dək ailə sırf bu işlə məşğul olur. Yəni, bir neçə min rayon sakini bu sahədən dolanır. Statistikaya müraciət etsək, 2005-ci ildə rayonda 11 minə yaxın arı ailəsi var idi. İki il əvvəl aparılan statistikaya görə isə rayonun təsərrüfatlarında 18 mindən çox arı ailəsi qeydə alınıb. Hazırda onların sayı bir az da artıb. Bu göstəriciyə görə, Zaqatala respublikada öncüllər sırasındadır.
Damazlıq-seleksiya işinin yüksək səviyyədə aparılmasının arıçılığın inkişafında mühüm rol oynadığını vurğulayan M.Qurbanəliyev bildirir ki, bu bölgədə tarixən mövcud olan və dünyada ən məhsuldar arı cinslərindən sayılan “Boz Qafqaz” cinsi artıq cırlaşıb, mələzləşib. Ona görə də, məhsuldarlıq ildən-ilə aşağı düşür: “Bizim bölgədə bir arı ailəsinin (bir pətək) normal məhsuldarlığı 15 kiloqram bal olmalıdır. Lakin son 10 ildir arıçılarımız bu qədər məhsul əldə edə bilmirlər. Cırlaşmış arılar bir pətəkdən yaxşı halda 5-7 kiloqram bal verir. Bundan əlavə, son illər baş verən iqlim dəyişiklikləri, qlobal istilər də məhsuldarlığa mənfi təsir göstərir. Ona görə də arıçılıqda damazlıq işinin təşkili çox vacib məsələdir. Məlumdur ki, damazlıq arıların məhsuldarlığı yüksək olur. Şəxsən mən öz təsərrüfatımda belə arı pətəklərindən iki dəfə çox məhsul götürürəm. Bütün arıçılıq təsərrüfatlarının damazlıq ana arıya ehtiyacı var. Çətinliklə də olsa, damazlıq ana arı əldə edərək arıçıların müəyyən ehtiyaclarını ödəyirik. Lakin bu, kifayət etmir”.
Hazırda Zaqatalada və qonşu rayonlarda arıçılıq üzrə damazlıq təsərrüfatların fəaliyyət göstərmədiyini deyən peşəkar arıçı bildirir ki, damazlıq təsərrüfat olarsa, arıçıların ana arı ilə bağlı sifarişləri də yerinə yetirmək mümkündür. Özü də ucuz qiymətə.
Həmsöhbətim arıçılıq təsərrüfatlarının həm də ekoloji mühitin yaxşılaşdırılmasına müsbət təsir göstərdiyini söyləyir. “Arıçılıq təsərrüfatları ekologiyanın qorunmasında çox böyük rol oynayır. Arı tozlandırması sayəsində yer üzünün bitki aləmi, meşələr, ətraf mühit daha da yaxşılaşır, inkişaf edir, meyvə bağlarının, tərəvəz sahələrinin məhsuldarlığı artır. Arıçılıq məhv olarsa, 10-15 ildən sonra təbiət də məhvə doğru gedəcək. Bu, tədricən insanlara da təsir edəcək, - deyə Zaqatala Arıçılar Birliyinin sədri vurğulayır.
ABŞ, Almaniya, İsveçrə, İngiltərə, Türkiyə, Gürcüstan və digər ölkələrdə keçirilən beynəlxalq tədbirlərin, sərgilərin iştirakçısı olan müsahibim deyir ki, arı Tanrı tərəfindən insanlara verilən min bir dərdin dərmanıdır. Bu təbiət möcüzəsi balla yanaşı, arı südü, çiçək tozu, propolis, arı zəhəri, mum və güləm kimi məhsullar verir. Bu məhsulların hər birinin çox böyük müalicəvi əhəmiyyəti var. Bal arının ən zəif məhsulu sayılır. Çiçək tozu baldan 12, arı südü isə 18 dəfə güclüdür.
Mustafa Dadaşov
AZƏRTAC-ın müxbiri