Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisi Zaqatalada vətəndaşları qəbul edib
Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisi, general-leytenant Arzu Rəhimov iyulun 30-da Zaqatala şəhərində Balakən, Zaqatala, Qax, Şəki, Oğuz və Qəbələ rayonlarından olan vətəndaşları qəbul edib.
40-dan artıq vətəndaşın iştirak etdiyi qəbulda müraciətlər əsasən, Xidmətin müvafiq şöbə və bölmələrində işə və ya həqiqi hərbi xidmətə qəbul, hərbi xidmətə çağırılan gənclərin ailə vəziyyəti ilə əlaqədar yaşadıqları ərazilərə yaxın olan hərbi hissələrdə xidmət keçmələri, “Müharibə veteranı” adı və müvafiq vəsiqənin verilməsi və digər məsələlərlə bağlı olub.
Xidmətin rəisi Arzu Rəhimov vətəndaşların müraciətlərini diqqətlə dinləyib, onları narahat edən məsələlərin həlli ilə bağlı müvafiq göstərişlərini verib. Vətəndaşların Xidmətin səlahiyyətlərinə aid olmayan məsələlərlə bağlı, eləcə də şəxsi xarakterli müraciətləri müvafiq qurumlara çatdırılmaq üçün qeydiyyata alınıb.