Şriftin ölçüsü :

Saytın rəngi :

Zaqatalada yeniyetmələr arasında Respublika şahmat olimpiadası başlayıb

06 iyul 2015 | 15:00

İyulun 6-da Zaqatala Olimpiya İdman Kompleksində 16 yaşadək yeniyetmələr arasında Respublika şahmat olimpiadasına start verilib.

Azərbaycan Şahmat Federasiyası (AŞF) və Gənclər və İdman Nazirliyinin təşkilatçılığı ilə keçirilən və 10 gün davam edəcək yarışlarda respublikamızın 52 şəhər və rayonunu təmsil edən 500-dən artıq yeniyetmə oğlan və qız şahmatçı mübarizə aparır.

 Yarış iştirakçıları əvvəlcə ümummilli lider Heydər Əliyevin mədəniyyət və istirahət parkında ucaldılan abidəsi önünə gül-çiçək düzüb, xatirəsini ehtiramla yad ediblər.

Yarışların rəsmi açılış mərasimində Zaqatala Rayon İcra Hakimiyyətinin başçısı Mübariz Əhmədzadə və Azərbaycan Şahmat Federasiyasının vitse-prezidenti, beynəlxalq dərəcəli hakim Faiq Həsənov çıxış edərək, ölkəmizdə şahmatın inkişafına göstərilən yüksək dövlət qayğısından bəhs edib, yarış iştirakçılarına uğurlar arzulayıblar.

Bədii proqramdan sonra yarışlara start verilib.

Şəxsi və komanda yarışları İsveçrə sistemi üzrə keçirilir. Şahmatçılar “A” və “B” qrupları üzrə yarışırlar. “A” qrupunda 13-16 yaş arasında, “B” qrupunda isə 12 yaşadək şahmatçılar mübarizə aparırlar.

Yarışların baş hakimi beynəlxalq dərəcəli hakim Qüdrət İsmayılovdur.

Şahmat olimpiadasının qaliblərinə Gənclər və İdman Nazirliyinin diplomları, Şahmat Federasiyasının pul mükafatları təqdim olunacaq.

Keçidlər