Zaqatalada məcburi köçkünlər üçün yeni yaşayış məhəlləsi salınır
Zaqatala rayonunun Aşağı Tala kəndində 135 məcburi köçkün ailəsi üçün zəruri sosial-texniki infrastruktura malik yeni yaşayış məhəlləsi salınır.
Yeni məhəllə Azərbaycan Respublikası Məcburi Köçkünlərin Sosial İnkişaf Fondunun sifarişi ilə tikilir.
Ümumi ərazisi iki hektar olan məhəllədə artıq hər biri 45 mənzildən ibarət 3 ədəd beşmərtəbəli yaşayış evinin, 150 şagird yerlik məktəb binasının və 50 yerlik uşaq bağçasının tikintisinə başlanılıb. Məhəllədə, həmçinin inzibati bina, klub, tibb məntəqəsi, rabitə obyekti də tikiləcək, 2 subartezian quyusu qazılacaq, zəruri texniki infrastruktur yaradılacaq. Buraya rayonun müxtəlif yerlərində məskunlaşmış məcburi köçkün ailələri köçürüləcək.
Yeni yaşayış məhəlləsinin tikintisinin 2015-ci ilin sonunadək başa çatdırılması nəzərdə tutulur.