Azərbaycanı müstəqil dövlət quruculuğuna aparan yol Ulu Öndərin ilk dəfə hakimiyyətə gəlişindən sonra başlanıb
Azərbaycanı müstəqil dövlət quruculuğuna aparan yol məhz 1969-cu il iyulun 14-dən – ümummilli lider Heydər Əliyevin ilk dəfə hakimiyyətə gəlişindən sonra başlanıb. Ulu Öndərin yorulmaz fəaliyyəti nəticəsində ötən əsrin 70-80-ci illəri baş verən dəyişikliklərin miqyasına, xalqın maddi rifahının yüksəlməsinə görə Azərbaycanın quruculuq salnaməsinin ən parlaq səhifəsini təşkil edir.
Bu fikirlər xalqımızın ümummilli lideri Heydər Əliyevin Azərbaycanda hakimiyyətə gəlişinin 46-cı ildönümü münasibətilə Zaqatala şəhərindəki Heydər Əliyev Mərkəzində keçirilən toplantıda səsləndirilib.
Tədbir iştirakçıları əvvəlcə Ulu Öndərin mədəniyyət və istirahət parkında ucaldılan abidəsi önünə gül-çiçək düzüb, xatirəsini ehtiramla yad ediblər.
Ümummilli Liderin zəngin həyat yolu və çoxsahəli fəaliyyətindən geniş bəhs olunan tədbirdə qeyd olunub ki, xalqımız hər il iyulun 14-də dünya şöhrətli siyasətçi Heydər Əliyevin Azərbaycanda siyasi hakimiyyətə gəlişinin ildönümünü qeyd edir. 1969-cu ilin iyulunda Heydər Əliyev Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi seçilib. Məhz bu təyinatla Azərbaycanın müasir tarixində dönüş mərhələsinin təməli qoyulub. Ulu Öndərin uzaqgörənliyi, müdrikliyi və zəngin biliyi ölkəmizin bütün sahələr üzrə dinamik inkişafına zəmin yaradıb. İllər keçdikcə Azərbaycan keçmiş ittifaq məkanında qabaqcıl ölkələr sırasına yüksəlib.
Çıxış edənlər 1969-cu ildə ulu öndər Heydər Əliyevin Azərbaycanda birinci dəfə hakimiyyətə gəlişinin ölkəyə dirçəliş və çiçəklənmə gətirdiyini vurğulayıblar. Ümummilli Liderin 1993-cü ildə ölkəmizdə ikinci dəfə hakimiyyətə gəlişi isə xalqımızın tarixinə Milli Qurtuluş Günü kimi daxil olub.
Toplantının sonunda Ümummilli Liderin həyat və faəliyyətindən bəhs edən sənədli film nümayiş etdirilib.