Şriftin ölçüsü :

Saytın rəngi :

“Kitabi-Dədə Qorqud”un Zaqatala bölgəsində izləri

21 iyun 2015 | 15:00

“Kitabi-Dədə Qorqud”un alman dilində ilk tərcüməsi və nəşrinin 200 illiyinin qeyd edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 20 fevral 2015-ci il tarixli Sərəncamının icrası ilə bağlı silsilə tədbirlər çərçivəsində iyunun 21-də Zaqatala şəhərindəki Heydər Əliyev Mərkəzində “Kitabi-Dədə Qorqud”un Zaqatala bölgəsində izləri” mövzusunda “dəyirmi masa” keçirilib.

Azərbaycan Respublikasının millətlərarası, multikulturalizm və dini məsələlər üzrə Dövlət müşaviri xidməti, Bilik Fondu və Zaqatala Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə keçirilən tədbirin iştirakçıları əvvəlcə Ulu Öndərin mədəniyyət və istirahət parkında ucaldılmış abidəsi önünə gül-çiçək düzüb, xatirəsini ehtiramla yad ediblər.

Azərbaycan Milli Elmlər Akademiyası və Bakı Slavyan Universiteti alimlərinin, rayon ziyalılarının, “Qardaşlaşmış məktəblər” layihəsi çərçivəsində bir gün əvvəl “Qardaşlaşma sazişi” imzalamış 6 orta məktəbin müəllim və şagirdlərinin iştirak etdiyi “dəyirmi masa”nı rayon icra hakimiyyətinin başçısı Mübariz Əhmədzadə açıb.

Dövlət müşaviri xidmətinin məsləhətçisi Sərraf Hüseynov tədbirin Zaqatala rayonunda keçirilməsinin heç də təsadüfi olmadığını vurğulayıb. Bildirilib ki, bu gün “Kitabi-Dədə Qorqud” dastanlarının izlərinə bu rayonda daha çox rast gəlinir. Bundan əlavə, Zaqatala Azərbaycanın yeganə rayonudur ki, burada Dədə Qorquda abidə qoyulub, adına park salınıb.

Sərraf Hüseynov Azərbaycan Respublikası Prezidentinin imzaladığı Sərəncamın əhəmiyyətini vurğulayıb. Diqqətə çatdırılıb ki, 1815-ci ilə qədər “Kitabi-Dədə Qorqud” dastanları elm aləminə demək olar ki, məlum deyildi. Yalnız 1815-ci ildə əsrlərdən bəri milli varlığımızın ayrılmaz tərkib hissəsinə çevrilən “Kitabi-Dədə Qorqud” abidəsi alman şərqşünas alimi Fridrix fon Dits tərəfindən üzə çıxarılıb nəşr edilərək dünya elm aləminə tanıdılıb.

“Dəyirmi masa”da “Kitabi-Dədə Qorqud” dastanlarında ailə və hüquq”, “Kitabi-Dədə Qorqud” dastanlarının qəhrəmanları Zaqatalada”, “Kitabi-Dədə Qorqud” dastanlarının deyimləri Zaqatala əhalisinin dilində” və digər mövzularda məruzələr dinlənilib, çıxışlar olub.

Sonra tədbir iştirakçıları Zaqatala şəhərinin görməli yerlərini gəzib, Dədə Qorqud meydanında rayon mədəniyyət evi kollektivinin hazırladığı konsert proqramını izləyiblər.

Keçidlər