Zaqatalalılar cari ilin birinci rübünü uğurlu göstəricilərlə başa vurmuşlar
25 aprel 2012-cu il tarixdə Zaqatala rayon İcra Hakimiyyətində Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin sədrliyi ilə keçirlən Nazirlər Kabinetinin 2012-ci ilin birinci rübündə sosil-iqtisadi inkişafın yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında dövlət başçısının nitqindən irəli gələn vəzifələrin icrası ilə əlaqədar rayon fəallarının geniş yığıncağı keçirilmişdir.
Tədbirdə Zaqatala rayon İcra Hakimiyyətinin başçısı Mübariz Əhmədzadə, Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Regional İdarəetmə və Yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin baş məsləhətçisi Əflatun Rufiyef, hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və təşkilat rəhbərləri və rayon ictimaiyyət nümayəndələri iştirak etmişdir.
Tədbirdə Zaqatala rayon İcra Hakimiyyətinin başçısı Mübariz Əhmədzadənin geniş məruzəsi dinlənilmişdir. Məruzədə rayon rəhbəri qeyd etmişdir ki, bu ilin birinci rübündə Zaqatala rayonunda 25,3 milyon manatlıq məhsul istehsal edilmiş və xidmətlər göstərilmişdir. Bu, ötən ilin müvafiq dövrü ilə müqayisədə 3,1 faiz çoxdur. Birinci rübdə rayonda kənd təsərrüfatı məhsulları istehsalı keçən ilin müvafiq dövrünə nisbətən 655 min manat və ya 8,9 faiz artaraq 8 milyon manat təşkil etmişdir. Bu müddətdə əhalinin pul gəlirləri 9 faiz, pərakəndə əmtəə dövriyyəsi 6,5 faiz, əhaliyə göstərilən pullu xidmətlərin həcmi 14,1 faiz, rabitə xidmətləri 10,1 faiz, nəqliyyat xidmətləri 1,2 faiz, ticarət xidmətləri isə 13,9 faiz artmışdır. Hesabat dövründə rayonda 511-i daimi olmaqla, 534 yeni iş yeri açılmışdır. Cari ilin birinci rübünün yekunları və qarşıda duran vəzifələrə həsr olunmuş iclasda bildirilmişdir ki, hesabat dövründə rayonda bütün maliyyə mənbələri hesabına 2,2 milyon manat dəyərində tikinti, təmir və abadlıq işləri görülmüşdür. Zaqatala şəhərinin su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması və tikintisi layihəsinin ikinci mərhələsi çərçivəsində xarici su təchizatı obyektlərinin, şəhərdaxili su və kanalizasiya xətlərinin, anbarlararası magistral su kəmərlərinin çəkilişi davam etdirilmişdir. Birinci rübdə Yevlax-Balakən dəmir yolunun 151-ci mənzilində hündür tipli platforma, daxili imkanlar hesabına Qımır kəndində tibb məntəqəsi üçün yeni bina, şəhərin F.Əmirov küçəsində ictimai binaların həyətində “Xeyir-şər evi” tikilib istifadəyə verilmişdir. Bundan əlavə, müxtəlif nazirliklərin yerli qurumları üçün 2 yeni inzibati binanın, Bazar və Sabunçu kəndlərində 180 və 80 şagird yerlik yeni məktəb binalarının tikintisinə başlanılmış, Heydər Əliyev Fondunun təşəbbüsü ilə Zaqatala şəhərində inşa edilən 50 yerlik uşaq bağçasında, Zəyəm və Muxax kəndlərində 180 və 80 yerlik yeni məktəb binalarında tikinti işləri davam etdirilmişdir. Qeyd olunmuşdur ki, hazırda müxtəlif fındıq məmulatları və quş əti istehsal edən müəssisələrin, min tonluq soyuducu anbar kompleksinin tikintisində tamamlanma işləri aparılır. Yeni çörək zavodu, 10 min ton tutumu olan taxıl anbarı və kiçik su elektrik stansiyasının tikintisi üçün sənədləşmə və torpaqayırma işlərinə başlanılmışdır. Bu müəssisələrin istifadəyə verilməsi rayonda yüzlərlə yeni iş yerinin açılmasına, kənd təsərrüfatı məhsulları istehsalının stimullaşdırılması və sənaye potensialının daha da artmasına imkan yaradacaqdır. Aqrar sahədə görülən işlər barədə məlumat verilərək bildirilmişdir ki, hesabat dövründə 3365 hektarda yazlıq bitkilər əkini aparılmış, 1377 ton ət, 7736 ton süd, 3 milyon 217 min ədəd yumurta istehsal edilmiş, ötən ilin müvafiq dövrü ilə müqayisədə ət istehsalı 1,7 ton, süd istehsalı 110 ton, yumurta istehsalı isə 219 min ədəd artmışdır.
Torpaqların sel sularından mühafizə edilməsi, suvarma şəbəkəsinin təmiri, suvarma suyundan səmərəli istifadə edilməsinə diqqət artırılmış, rüb ərzində “Meliorasiya və Su Təsərrüfatı” ASC tərəfindən 4 ədəd subartezian quyusu əsaslı təmir edilmiş, 2100 hektar əkin sahəsinin suvarılmasına xidmət edən ikipilləli Alazan nasos stansiyasında təmir-bərpa işləri davam etdirilmişdir. Bundan əlavə, Yaponiya hökumətinin maliyyə dəstəyi ilə Dardoqqaz və Mosul kəndlərində subartezian quyuları qazılmış və hazırda hər iki obyektdə tamamlanma işləri aparılır. Qeyd olunan layihə çərçivəsində növbəti aylarda Lahıc və Mazıx kəndlərində daha iki subartezian quyusunun qazılması nəzərdə tutulur. Hesabat dövründə əhalinin aztəminatlı təbəqəsinin sosial müdafiəsinin gücləndirilməsi istiqamətində tədbirlər davam etdirilmiş, 4155 nəfərə sosial müavinət, 1484 ailənin 6414 üzvünə ünvanlı sosial yardım verilmiş, 222 nəfər kimsəsiz qocalara xidmət göstərilmişdir. İclasda, həmçinin əhalinin təbii qaz, elektrik enerjisi, içməli su və digər xidmətlərlə təminatının yaxşılaşdırılması istiqamətində görülən işlər təhlil olunmuşdur. Şura iclasında Azərbaycan Respublikasının Prezidenti Administrasiyasının məsul işçisi Əflatun Rufiyev və Milli Məclisin deputatı Hikmət Atayev çıxış edərək 2012-ci ilin birinci rübündə respublikamızda ictimai-siyasi və sosial-iqtisadi sahələrdə qazanılan uğurlar barədə danışmış, qarşıda duran vəzifələrə toxunmuşlar.
İclasın sonunda uzun illər kənd təsərrüfatı sahəsində və dövlət orqanlarında çalışmış rayon ağsaqqalları İbrahim Davudov və Həmid Yekibaşova səmərəli fəaliyyətinə görə rayon icra hakimiyyətinin fəxri fərmanları və qiymətli hədiyyələri təqdim olunmuşdur.
Yığıncağın sonunda rayon ictimaiyyəti adından Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevinə müraciət qəbul edilmişdir.