Zaqatala rayonunun yaşayış məntəqələrinin qazlaşdırılması istiqamətində tədbirlər davam etdirilir.
Zaqatala rayonunun yaşayış məntəqələrinin qazlaşdırılması istiqamətində tədbirlər davam etdirilir.
“Azəriqaz” İstehsalat Birliyi (İB) tərəfindən rayonun Maqov inzibati ərazi dairəsi üzrə nümayəndəliyin tərkibinə daxil olan Höytala, Paşan, Maqov, Vöhtala və Yolayrıc kəndlərinin qazlaşdırılması işləri başa çatdırılıb və iyunun 17-də bu kəndlərə təbii qazın verilməsinə başlanılıb.
Bu münasibətlə keçirilən mərasimdə rayon əhalisinin “mavi yanacaq”la təminatının yaxşılaşdırılması istiqamətində görülən işlərdən bəhs edilib. Bildirilib ki, 1184 abonenti olan bu kəndlərin qazlaşdırılması üçün birpilləli sistem əsasında ümumi uzunluğu 61 min 755 metr olan müxtəlif diametrli metal borularla daşıyıcı və məhəllədaxili qaz xətləri çəkilib, bütün mənzillərə sayğac və fərdi tənzimləyicilər quraşdırılıb.
Diqqətə çatdırılıb ki, hazırda Zaqatala rayonunda bu kəndlər də daxil olmaqla, 16 min 600 abonent təbii qazdan istifadə edir. Əhali abonentləri üzrə qazlaşma 65 faiz təşkil edir. Regionların 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafına dair Dövlət Proqramına uyğun olaraq, mərhələli şəkildə rayonun digər yaşayış məntəqələrinin də qazlaşdırılması istiqamətində tədbirlər davam etdirilir. Hazırda Car, Yengiyan və Aşağı Çardaxlar kəndləri istiqamətində qaz xətlərinin çəkilişi aparılır.
Mərasimdə çıxış edən kənd sakinləri əhalinin sosial problemlərinin həllinə göstərdiyi diqqət və qayğıya görə Prezident İlham Əliyevə minnətdarlıqlarını bildiriblər.
Sonra qaz xəttinin açılışını bildirən məşəl alovlandırılıb və mənzillərə təbii qazın verilməsinə başlanıb.