Şriftin ölçüsü :

Saytın rəngi :

Milli Qurtuluş Günü Zaqatalada silsilə tədbirlərlə qeyd olunub

13 iyun 2015 | 15:00

Azərbaycan xalqı milli qurtuluş mübarizəsinin tarixini yad edərkən, ilk növbədə, bu tarixin yaradıcısı, ümummilli lider Heydər Əliyevi xatırlayır, Ulu Öndərin ruhu qarşısında baş əyir, ölkəmizin qüdrətlənməsi və müstəqilliyimizin qorunub möhkəmlənməsində onun siyasi kursuna arxalanır. 1993-cü ilin iyununda müstəqilliyimiz məhv olmaq təhlükəsi ilə üzləşdiyi bir vaxtda məhz Ümummilli Liderin müdrikliyi və qətiyyəti sayəsində Azərbaycanda vətəndaş qarşıdurmasına birdəfəlik son qoyulub, ölkəmiz xaosdan, siyasi çəkişmələrdən, sosial-iqtisadi böhrandan xilas olub.

Bu fikirlər 15 İyun – Milli Qurtuluş Günü münasibətilə iyunun 13-də Zaqatala şəhərindəki Heydər Əliyev Mərkəzində keçirilən “Milli Qurtuluş Günü xalqımızın şərəf tarixidir” mövzusunda elmi-praktik konfransda səsləndirilib.

Rayon rəhbərliyi və ictimaiyyət nümayəndələri əvvəlcə Ulu Öndərin mədəniyyət və istirahət parkında ucaldılmış abidəsi önünə gül-çiçək düzüb, xatirəsini ehtiramla yad ediblər.

Konfransda 1993-cü ilin iyununda Azərbaycanda baş verən ictimai-siyasi proseslərə geniş nəzər salınıb, dövlətçiliyimizin qorunması və vətəndaş qarşıdurmasının aradan qaldırılmasında Heydər Əliyevin tarixi xidmətləri bir daha xatırlanıb. Vurğulanıb ki, 1993-cü ilin iyun günlərində Ulu Öndərin hakimiyyətə qayıdışı ilə Azərbaycanın dövlətçiliyində həlledici dönüş baş verib. Ölkənin qarşısında duran problemlər mərhələlərlə həll olunmağa başlayıb, ayrı-ayrı şəxslərə, siyasi qruplaşmalara xidmət edən silahlı birləşmələr ləğv edilib, ölkədə əmin-amanlıq, siyasi sabitlik yaranıb.

Natiqlər Azərbaycanın 22 il əvvəl, iyunun 15-dən başlanan yüksəlişinin bu gün də davam etdiyini vurğulayıblar. Qeyd olunub ki, ölkə iqtisadiyyatı güclənir, qüdrəti artır, siması yenilənir. İndi Azərbaycan Prezident İlham Əliyevin məqsədyönlü siyasəti sayəsində dünyanın qüdrətli və zəngin ölkələrindən birinə çevrilib.

Konfransın sonunda 1993-cü ilin iyun hadisələrindən bəhs edən sənədli film nümayiş etdirilib.

Keçidlər