Respublika Günü Zaqatalada silsilə tədbirlərlə qeyd olunub
28 May - Respublika Günü Zaqatala rayonunda da silsilə tədbirlərlə geniş qeyd olunub. Əlamətdar bayram ərəfəsində rayonun təhsil və mədəniyyət müəssisələrində, kitabxanalarda konfranslar, toplantılar, “dəyirmi masa”lar keçirilib, kitab və rəsm sərgiləri təşkil olunub.
Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 97-cü ildönümü münasibətilə mayın 27-də Zaqatala şəhərindəki Heydər Əliyev Mərkəzində keçirilən konfransın iştirakçıları əvvəlcə Ulu Öndərin mədəniyyət və istirahət parkında ucaldılmış abidəsi önünə gül-çiçək dəstələri düzüb, dahi rəhbərin xatirəsini ehtiramla anıblar.
Rayon rəhbərliyinin, ziyalıların, ictimaiyyət nümayəndələrinin iştirak etdikləri konfransda “Müsəlman Şərqinin ilk demokratik, hüquqi və dünyəvi dövləti” mövzusunda məruzə dinlənilib, çıxışlar olub. Konfransda Xalq Cümhuriyyətinin yarandığı tarixi dövrə ətraflı nəzər salınıb, müstəqil Azərbaycan Respublikasının Cümhuriyyətin varisi olduğu bildirilib.
Həmin gün Zaqatala şəhərindəki “Dədə Qorqud” meydanında ümummilli lider Heydər Əliyevin anadan olmasının 92-ci ildönümü münasibətilə “Ulu Öndər – Ulu Zirvə” adlı VII Kitab bayramı keçirilib. Meydanda təşkil olunan sərgilərdə Azərbaycanın görkəmli şair və yazıçılarının əsərləri, dünya ədəbiyyatı klassiklərinin, eləcə də Zaqatala yazarlarının kitabları nümayiş etdirilib.
Kitab bayramının iştirakçıları, həmçinin mərkəzi kitabxananın fəal oxucularının, uşaq kitabxanasının “Bacarıqlı əllər” dərnəyi üzvlərinin əl işlərindən ibarət sərgilərlə də tanış olub, uşaq musiqi və rəqs kollektivlərinin ifasında konsert proqramını izləyib, səhnəciklərə baxıblar.