Zaqatalalılar ulu öndər Heydər Əliyevin xatirəsini daim uca tuturlar
Xalqımızın ümummilli lideri Heydər Əliyevin anadan olmasının 92-ci ildönümü münasibətilə mayın 7-də Zaqatala rayonunda silsilə tədbirlər keçirilib. Ulu Öndərin doğum günü münasibətilə Zaqatala şəhərində keçirilən ümumrayon tədbirinin iştirakçıları əvvəlcə dahi rəhbərin mədəniyyət və istirahət parkında ucaldılmış abidəsi önünə gül-çiçək düzüb, xatirəsini ehtiramla yad ediblər.
Heydər Əliyev Mərkəzində keçirilən “Heydər Əliyev fenomeni – zəfər və qalibiyyət rəmzi” adlı elmi-praktik konfransda Ümummilli Liderə həsr olunan sənədli film nümayiş etdirilib.
Konfransda həyat və fəaliyyətini öz xalqının xoşbəxtliyinə həsr etmiş Heydər Əliyevin mənalı ömür yolundan, Azərbaycanın inkişafı və tərəqqisi naminə gördüyü nəhəng işlərdən bəhs olunub.
Vurğulanıb ki, Azərbaycanı canı qədər sevən, ürəyi daim xalqının səadəti və xoşbəxtliyi naminə döyünən Heydər Əliyevin mənalı ömür yolunun hər anı, hər səhifəsi bugünkü və gələcək nəsillərə nümunə olacaq unudulmaz tarixdir.
Sonra Yeni Azərbaycan Partiyasının sıralarına yeni qəbul olunmuş gənclərə üzvlük vəsiqələri, həmçinin Ümummilli Liderin anadan olmasının 92-ci ildönümü münasibətilə keçirilən müxtəlif müsabiqə və idman yarışlarının qaliblərinə mükafatlar təqdim olunub.
Konfransdan sonra Heydər Əliyev Mərkəzində yeni ailə quran 4 xoşbəxt cütlüyün təntənəli nikah mərasimi keçirilib. Ailə quran gənclərə rayon icra hakimiyyəti tərəfindən hədiyyələr təqdim edilib.
Rayon rəhbərliyi və ictimaiyyət nümayəndələri Ulu Öndərin adını daşıyan parkda keçirilən “Gül bayramı”nda da iştirak ediblər. Ayrı-ayrı müəssisə və təşkilatların hazırladıqları bir-birindən maraqlı gül kompozisiyaları bayram iştirakçılarında xoş ovqat yaradıb.