Şriftin ölçüsü :

Saytın rəngi :

Birgə əməkdaşlıq uğurların rəhnidir

13 aprel 2012 | 15:00

Rayon icra hakimiyyəti gündəlik fəaliyyətində əhali ilə əlaqələrin genişləndirilməsinə, qarşılıqlı inam və etibarın gücləndirilməsinə ciddi önəm verir. Yerlərdə vətəndaşlarla mütəmadi halda keçirilən görüşlər bu konteksdə daha çox məlumatlılığı, rayonda hökm sürən yaradıcı və quruculuq ab-havasının gedişatını daha yaxından duymaq imkanları yaradır. Vətəndaşlar indi müşahidəçidən cox günü-gündən genişlənən bu prosesdə ən fəal iştirakçılara çevrilirlər.
Təbii ki, işgüzarlığın, təşəbbüskarlığın genişlənməsinə zəmin yaradan belə bir şəraitdə yerli idarəetmə orqanlarının fəaliyyətini canlandırmaq tələb olunur. Bu ilin fevral ayında Azərbaycan Respublikasının Prezidenti Adminstrasiyasının regional və yerli idarəetmə orqanları ilə iş şöbəsinin tövsiyələrini və qarşıda duran vəzifələri nəzərə alan rayon icra hakimiyyəti ciddi təhlillərə əsaslanaraq dörd yerdə- Zaqatala şəhərində, Əliabad qəsəbəsində, Maqov və Muxax kəndlərində bütün ərazi nümayəndəliklərini əhatə etməklə səyyar seminar -müşavirələrin keçirilməsini qərarlaşdırdı.
İlk seminar-müşavirə 12 aprel 2012-ci ildə Əliabad qəsəbəsində keçirildi. Tədbirin burada keçirilməsi heç də təsadüfi deyildi. Məsələ burasındadır ki, bu yaşayış məskəni rayonumuzun ən iri yaşayış məntəqələrindən biridir. Qəsəbədə yaşayan əhalinin sayı 10 min 650 nəfəri ötmüşdür. Digər tərəfdən burada azsaylı xalqlardan biri olan ingiloylar kompakt halında yaşayaraq özlərinə məxsus mədəniyyətlərini, adət-ənənələrini uğurla inkişaf etdirirlər.
Qəsəbənin sosiall-iqtisadi inkişafında çox önəmli işlər görülüb. Yeni tikintilər, əsaslı təmir-bərpa işləri, yol çəkilişi, mədəniyyət, səhiyyə, təhsil sahələrində həyata keçirilən yenidənqurma işləri qəsəbənin həyatını büsbütün dəyişmişdir. Hazırda qəsəbədə magistral qaz xətti çəkilişi başa çatdırılıb, küçələrdə qaz xətlərinin çəkilişi davam etdirilir.
Ötən ilin stastistik göstəricilərinə əsasən Əliabadlı fermerlər aqrar sahədə bir çox bitkiçilik məhsulları istehsalında rayonun orta səviyyəsindən daha yüksək nailiyyətlər qazanmışlar.
Rayon icra hakimiyyəti başçısının Əliabad qəsəbəsi üzrə inzibati ərazi dairəsinə məxsus binanın əsaslı təmirdən sonra açılışı tədbirin ruhuna yeni çalarlar bəxş etdi. Qeyd edək ki, qəsəbə icra nümayəndəliyi daxili imkanlar hesabına bu təmir işlərini aparmışdır. Bunun özü bir nümunə olmaqla yanaşı tədbirə qatılan aşağı zonanın digər kəndlərinin – Bəhmədli, Lahıc, Mosul, Qandax, Faldarlı, Kəpənəkçi, Yengiyan və Muğanlı kəndlərinin inzibati ərazi dairələri üzrə nümayəndəliklərinə də bir mesaj anlamı daşıyırdı.
Seminar-müşavirənin iştirakçıları əvvəlcə qəsəbə ərazi nümayəndəliyində aparılan təmir işləri ilə tanış oldular. Rayon icra hakimiyyətinin başçısı Mübariz Əhmədzadə və digər qonaqlar inzibati binada görülən işləri yüksək qiymətləndirdilər və kollektivə uğurlar arzuladılar.
Sonra seminar-müşavirə qəsəbədəki 4 saylı tam orta məktəbin yeni tikilmiş binasının akt zalında öz işinə başladı. Seminar-müşavirəni giriş sözü ilə açan rayon icra hakimiyyətinin başçısı Mübariz Əhmədzadə bildirdi ki, belə tədbirlər icra nümayəndəliklərinin işinin təkmilləşdirilməsinə, mövcud nöqsan və çatışmazlıqların aradan qaldırılmasına, müsbət iş təcrübəsinin öyrənilib yayılmasına, birgə əməkdaşlığın səmərəliliyinin artırılmasına xidmət edir. Əliabadda keçirilən seminar-müşavirə aşağı zonanın 9 kəndini əhatə edir və hər bir icra nümayəndəliyi üzrə ətraflı təhlillərə əsaslanır.
RİHB-nin Əlabad qəsəbəsi üzrə inzibati ərazi dairəsinin nümayəndəsi Həsən Həsənov və müavini Ramiz Şabanov seminar-müşavirə iştirakçılarına nümayəndəlikdə, eləcə də ərazidə fəaliyyət göstərən idarə, müəssisə və təşkilatlarda nümunəvi işin qurulması haqqında məlumat verdilər. Rayon icra hakimiyyəti başçısının müavinləri Elman Ramazanovun, Zümrüd Ağakişiyevanın və İlkin Şəfizadənin, şöbə müdirləri Yaqub Məmmədovun, Nizami Abdullayevin və Arif Ramazanovun, rayon təhsil şöbəsinin müdiri Habil Qurbanovun, rayon statistika idarəsinin rəisi Fəxrəddin Qurbanovun, bölgə qazisi İbrahim Əfəndinin çıxışlarında seminar-müşavirədə iştirak edən 9 nümayəndəliyin fəaliyyətinin bütün sahələrinə tam aydınlıq gətirildi. Uğurlarla yanaşı nöqsanlara da ciddi diqqət yetirildi.
Daha çox icra nümayəndəliklərinə metodiki yardım, idarəetmə işinin yeni üslublarını təlqin edən seminar-müşavirədə təsərrüfat fəaliyətinin canlanması, milli-mənəvi dəyərlərin qorunması, əmək intizamının gücləndirilməsi, qeyri-ənənəvi dini təriqqətlərə qarşı mübarizə, təhsilin səviyyəsinin qaldırılması, gənclərlə işin təşkili, vətəndaşların müraciətlərinə, ərizə və şikayətlərinə baxılmasının yaxşılaşdırılması, əhali ilə maarifləndirici tədbirlərə diqqətin artırılması kimi məsələlər ciddi müzakirə mövzularına çevrildilər.
Ətraf mühitin qorunması, yaşıllaşdırma, təmizlik-abadlıq işlərinə diqqətin artırılması barədə də kifayət qədər ciddi müzakirə aparıldı.
Seminar-müşavirə göstərdi hələ bəzi icra nümayəndəlikləri işlərini günün artan tələbləri səviyyəsində qurmaqda çətinlik çəkirlər. Onların əhali ilə gündəlik əlaqələrində köhnə yanaşmalar üstünlük təşkil edir. Bəzi hallarda vətəndaşların müraciətlərinə, ərizə və şikayətlərinə diqqətlə yanaşılmadığından yuxarı instansiyalara müraciətlərin sayı çoxalır. Bu gün yerli idarəetmə işçisindən daha çox əhali ilə təmasda olmaq, hər kəsə diqqət göstərmək, yerlərdə işlərin gedişatını tənzimləmək, kəndin gələcək inkişafı naminə fədakar xidmət tələb olunur.
Rayon icra hakimiyyətinin başçısı Mübariz Əhmədzadə seminar-müşavirəni yekunlaşdıraraq bildirdi ki, rayon rəhbərliyi idarəetmə işindəki yaxşı təcrübəni yaymaqda, yerli təşəbbüsləri dəstəkləməkdə çox maraqlıdır. Yeniləşən, müasirləşən ölkəmizdə informasiya-kommunikasiya texnologiyalarının tətbiqinin geniş vüsət aldığı bir şəraitdə daha çevik, sivil, yaradıcı və təşəbbüskar idarəetməyə keçid zəruri bir prosesdir. Əliabad qəsəbəsində keçirilən və davamı digər yerlərdə keçirilməsi nəzərdə tutulan belə seminar-müşavirələr icra nümayəndəliklərinə gələcək fəaliyyətlərinin daha səmərəli qurmaqda bir aydınlatma səciyyəsi daşıyır, metodiki tövsiyələr aşılayır, məsuliyyət hissini izah edir. İdarəetmədə yeni iş üslublarına keçid, əhali ilə əməkdaşlığın inam və etibar müstəvisində bərqərar olması gələcək uğurlarımızın təminatıdır.

Keçidlər