Zaqatala rayonunda cari ilin birinci rübünün yekunları müzakirə olunmuşdur
Bu ilin birinci rübündə Zaqatala rayonunda iqtisadiyyatın dinamik inkişafına nail olunub, regionların 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafına dair Dövlət Proqramının icrası istiqamətində işlər uğurla davam etdirilib. Aqrar sektorda həyata keçirilən məqsədyönlü tədbirlər nəticəsində ötən 3 ayda rayonda kənd təsərrüfatı məhsulları istehsalı 2014-cü ilin eyni dövrü ilə müqayisədə 10 faiz artaraq, 10,9 milyon manata çatıb. Bu müddətdə rayonda 401-i daimi olmaqla, 418 yeni iş yeri açılıb.
Bu faktlar 2015-ci ilin birinci rübünün yekunları ilə bağlı aprelin 15-də Zaqatala Rayon İcra Hakimiyyətində keçirilən müşavirədə səsləndirilib.
Bildirilib ki, birinci rübdə Azərbaycan Müəllimlər İnstitutunun Zaqatala filialı üçün inşa edilən yeni binanın, Yuxarı Tala və Yengiyan kəndlərində 450 və 264 şagird yerlik yeni məktəb binalarının, Heydər Əliyev Fondunun maliyyə dəstəyi ilə şəhərin şimal-qərb yaşayış massivində 100 yerlik yeni uşaq bağçasının, həmçinin rayon məhkəməsinin yeni inzibati binasının tikintisi davam etdirilib. Əliabad qəsəbəsində 3 saylı uşaq bağçası təmir olunaraq balacaların istifadəsinə verilib.
Məruzədə birinci rübdə aqrar sahədə görülən işlər ətraflı təhlil olunub, cari ilin məhsulu üçün payızlıq taxıl əkilmiş 12 min 148 hektar sahəyə aqrotexniki xidmət göstərildiyi, eyni zamanda, 3 min 642 hektar sahədə yazlıq bitkilərin əkildiyi diqqətə çatdırılıb. Bildirilib ki, kənd təsərrüfatı məhsulları istehsalçılarına dövlət dəstəyi davam etdirilib, buğda istehsalçılarına ümumilikdə 181,6 min manat həcmində subsidiya verilib, fermer təsərrüfatlarına güzəştli qaydada 207,8 min manat dəyərində mineral gübrələr satılıb.
İlin ilk rübündə rayonda ekoloji məsələlər də diqqət mərkəzində saxlanılıb, inzibati ərazilərdə 89 mindən çox ağac əkilib, 35 hektar sahədə meşə əkini aparılıb, 112 hektar meşə əkininə xidmət göstərilib.
Məruzədə, həmçinin birinci rübdə əhalinin təbii qaz, elektrik enerjisi, içməli su və digər xidmətlərlə təminatının yaxşılaşdırılması sahəsində görülən işlər ətraflı təhlil olunub. Bildirilib ki, hesabat dövründə rayonun ən böyük yaşayış məntəqələrindən olan Əliabad qəsəbəsinə təbii qazın verilməsi təmin edilib. Hazırda Mosul, Yengiyan, Makov, Aşağı Çardaxlar və Car kəndlərinə daşıyıcı qaz xətlərinin çəkilişi davam etdirilir.
Məruzə ətrafında çıxış edən müəssisə və təşkilat rəhbərləri görülmüş işlərdən danışıblar.
Sonda müşavirə iştirakçıları adından Azərbaycan Prezidenti İlham Əliyevə müraciət qəbul olunub.