Şriftin ölçüsü :

Saytın rəngi :

Zaqatala rayonunun Əliabad qəsəbəsindəki XVII əsrə aid məscid bərpa olunur.

14 aprel 2015 | 15:00

Zaqatala rayonunun ən iri yaşayış məntəqələrindən olan Əliabad qəsəbəsindəki XVII əsrə aid məsciddə bərpa işlərinə başlanılıb.

Bu münasibətlə aprelin 14-də Əliabad qəsəbəsində tədbir keçirilib. Rayon rəhbərliyinin, Bakı Beynəlxalq Multikultiralizm Mərkəzinin, Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun əməkdaşlarının, qəsəbə sakinləri və dini icma üzvlərinin iştirak etdiyi tədbiri Azərbaycan Respublikasının millətlərarası, multikulturalizm və dini məsələlər üzrə Dövlət müşaviri, akademik Kamal Abdullayev açaraq, ölkəmizdə milli-mənəvi dəyərlərə göstərilən dövlət qayğısından bəhs edib. Bildirilib ki, Azərbaycan müxtəlif millətlərə və dinlərə məxsus insanların birgə mehriban yaşadığı ölkədir. Ölkəmizdə bütün dinlərə və digər millətlərə tarixən tolerant münasibət bəslənilib.

Azərbaycanda yaşayan xalqların sahib olduğu etnik-dini dəyərlərin qorunmasının dövlət siyasətinin əsas istiqamətlərindən biri olduğunu vurğulayan dövlət müşaviri bildirib ki, bölgələrə səfəri zamanı müxtəlif dini icmaların üzvləri ilə görüşür, məscidləri, kilsə və sinaqoqları ziyarət edir. Bu görüşlərdə yerli sakinlərlə, dini icmaların üzvləri ilə ətraflı fikir mübadiləsi aparılır, onların təklifləri dinlənilir. Diqqətə çatdırılıb ki, belə görüşlərdən biri də ötən il Əliabad qəsəbəsində keçirilib. Həmin görüşdə qəsəbə sakinləri 2012-ci ilin mayında bölgədə baş vermiş zəlzələ zamanı zərər görmüş məscid binasının bərpası ilə bağlı quruma müraciət ediblər. Sakinlərin müraciətləri nəzərə alınıb və artıq xeyriyyəçi qurumların sponsorluğu, eləcə də dövlətin dəstəyi ilə Əliabad məscidinin bərpası layihəsi üzrə işlərə başlanılıb.

Dövlət müşaviri bildirib ki, məscidin bərpasına Bakının Şüvəlan qəsəbəsində yerləşən Mir Möhsüm Ağa ziyarətgahı tərəfindən ilkin olaraq 30 min manat vəsait ayrılıb. Bununla da Azərbaycanda ilk dəfə olaraq bir ziyarətgah öz mənəvi, maddi imkanını tamamilə başqa bir bölgədəki məscidin bərpasına yönəltmiş olur.

Qeyd olunub ki, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi (DQİDK) də bu işə öz köməyini göstərəcək. Komitə tərəfindən bu məqsədlə 20 min manat vəsait ayrılıb. Bundan əlavə, məscidin bərpası üçün Zaqatala rayon icra hakimiyyətinin başçısı Mübariz Əhmədzadə tərəfindən də 10 min manat vəsaitin ayrıldığı diqqətə çatdırılıb.

Məscidin bərpası Mədəniyyət və Turizm Nazirliyinin layihəsi əsasında həyata keçiriləcək. Bərpa işləri zamanı XVII əsrə aid olan bu tarixi abidə öz görkəmini tamamilə qoruyub saxlayacaq.

Sonra Mir Möhsüm Ağa ziyarətgahı tərəfindən Əliabad məscidinə xalça və dini kitablar hədiyyə olunub.

Mərasimdə rayon icra hakimiyyətinin başçısı və qəsəbə sakinləri çıxış edərək, məscidin bərpasına göstərdikləri köməyə görə ziyarətgahın və DQİDK-nin rəhbərliyinə minnətdarlıqlarını bildiriblər.

 

Keçidlər