Şriftin ölçüsü :

Saytın rəngi :

Zaqatalada Novruz bayramı təntənə ilə qeyd edildi

19 mart 2015 | 16:00

19 mart 2015-ci il tarixdə Zaqatala rayonunda xalqımızın tarixi qədər qədim, müqəddəs və əziz el bayramı-“Novruz” bayramı münasibəti ilə bir sıra tədbirlər keçirilmişdir.
Tədbirdə Zaqatala rayon icra hakimiyyətinin başçısı Mübariz Əhmədzadə, hüquq-mühafizə orqanlarının rəhbərləri, rayon ictimaiyyət nümayəndələr iştirak etmişlər. 
İlk öncə Zaqatala şəhərində daxili imkanları hesabına inşa edilmiş yeni ictimai bina “xeyir-şər” evinin açılış mərasimi keçirilmişdir. 
Bu münasibətlə keçirilən mərasimdə çıxış edən şəhər sakinləri Novruz bayramı ərəfəsində gerçəkləşdirilən belə hədiyyəyə  görə ölkə rəhbərliyinə dərin minnətdarlıqlarını bildirmişlər.
Sonra binaya baxış keçirilmişdir. Şəhərin Qala düzü adlanan zonasında çoxlu sayda çöxmənzilli binaların yerləşdiyi ərazidə inşa edilmişdir. Sahəsi 300 kvm olan ictimai bina bu ərazidə yaşayan 1500 nəfərə yaxın sakinə xidmət göstərəcəkdir. Mətbəx və iki zaldan ibarət olan 240 yerlik “xeyir-şər” evi zəruri avadanlıqla təchiz edilmiş, həyətyanı hissəsində abadlıq işləri görülmüşdür.  
Daha sonra tədbir iştirakçıları Zaqatala qalasında təşkil olunmuş Novruz şənliyinə qatılmışlar.
“Novruz” şənliyinin əvvəlində bahar qızı, kosa və keçəl faytonla zurna nağaranın musiqi sədaları altında rayonun girəcəyindən şənliyin keçirildiyi Zaqatala qalasına doğru hərəkət etmişlər. Yolboyu zaqatalalıları salamlayan bahar qızı yurdumuza yazın gəlişi münasibəti ilə onları təbrik etmiş, hamını el şənliyinə səsləmişdir.
Zaqatalalıların bu tarixi məkanında keçirilən el şənliyində bayram tonqalı qalanmış, rəsm əsərləri, sənətkarlıq nümunələrinin sərgisi təşkil olunmuş, qədim adət-ənənələrimiz nümayiş etdirilmiş, at yarışları tədbirin rəngarəngliyini daha da artırmışdır. Bayram tədbirlərində incəsənət ustalarının, özfəaliyyət kollektivlərinin, xalq kəndirbazlarının və pəhləvanlarının çıxışları, eləcə də ayrı-ayrı kəndlərimizin milli adət-ənənələri, mətbəxtləri nümayiş etdirilmişdir.
Tədbirdə çıxış edən Zaqatala rayon İcra Hakimiyyətinin başçısı Mübariz Əhmədzadə minilliklər boyu formalaşan adət-ənənələrimizi qoruyaraq milli varlığımıza bolluq və bərəkət rəmzi kimi daxil olan “Novruz” bayramının ümummilli liderimiz Heydər Əliyevin xalqın təkidi ilə hakimiyyətə qayıdışından sonra dövlət səviyyəsində böyük təntənə ilə qeyd olunduğunu xüsusi vurğulamış, Novruz bayramının YUNESKO-nun dünya xalqlarının mədəni irsi siyahısına daxil edilməsində möhtərəm Prezidentimiz cənab İlham Əliyevin və Heydər Əliyev Fondunun Prezidenti, YUNESKO və İSESKO-nun xoşməramlı səfiri, millət vəkili Mehriban xanım Əliyevanın tarixi xidmətlərini qeyd etmişdir. Daha sonra rayon rəhbəri bu əziz el bayramı münasibəti ilə bütün zaqatalalıları təbrik etmiş, hər kəsə can sağlığı, xoş arzular bildirmişdir.
Bir neçə saat davam edən el şənliyi hər kəsin ruhunu oxşamış, bayram ovqatını artırmışdır.

Keçidlər