"8 mart-Beynəlxalq qadınlar günü" ilə əlaqədar rayonun ictimai-siyasi və mədəni həyatında fərqlənən qadınlar mükafatlandırıldı
Beynəlxalq Qadınlar Günü münasibətilə Zaqatala şəhərində “Gül ki, gözlərin gülsün” adlı bayram tədbiri keçirilib.
Tədbirdə vurğulanıb ki, bəşəriyyətin yarıdan çoxunu təşkil edən qadınlar həyatın mənası, bəzəyi və əbədi gözəlliyidir.
Bildirilib ki, ümummilli lider Heydər Əliyevin dediyi kimi: “Bu bayram, doğrudan da bizim ən gözəl bayramımızdır. Çünki bu bayram qadınlara həsr olunub. Qadınsız isə həyat yoxdur”.
Azərbaycanda qadına, anaya daim böyük hörmət bəslənilib, ana həmişə müqəddəs olub, namus, qeyrət rəmzi sayılıb. Azərbaycan qadını bütün dövrlərdə öz istedadı, zəkası, ağılı ilə fərqlənib. Tariximizin, mədəniyyətimizin neçə-neçə şanlı səhifəsi məhz qadının adı ilə bağlıdır.
Tədbirdə vurğulanıb ki, bu gün Azərbaycanda qadın hüquqlarının qorunmasına böyük diqqət göstərilir. Bütün Azərbaycan qadınları kimi, Zaqatala qadınları da cəmiyyətdə gedən ictimai-siyasi proseslərdə yaxından iştirak edirlər. Hazırda rayonda 63 minə yaxın qadın yaşayır. Onların 32 mindən çoxu müxtəlif əmək kollektivlərində çalışırlar. Qadınlardan 71 nəfəri bələdiyyələrdə təmsil olunurlar. 1667 nəfər qadın sahibkarlıq fəaliyyəti ilə məşğul olur.
Tədbirin sonunda rayonun ictimai-siyasi həyatında, təhsil, səhiyyə və mədəniyyət sahələrində fərqlənən qadınlara rayon icra hakimiyyətinin fəxri fərmanları və qiymətli hədiyyələri təqdim olunub.