Şriftin ölçüsü :

Saytın rəngi :

Zaqatalanın Əliabad qəsəbəsində qəzalı uşaq bağçası əsaslı təmir olunub

07 mart 2015 | 16:00

Zaqatala rayonunun Əliabad qəsəbəsindəki 3 nömrəli körpələr evi-uşaq bağçası əsaslı təmirdən sonra qapılarını yenidən balaca fidanların üzünə açıb.

Açılış mərasimində 2012-ci ilin mayında baş vermiş zəlzələ nəticəsində Zaqatala rayonundakı fərdi tikililərlə yanaşı, onlarla sosial təyinatlı obyekt, o cümlədən uşaq bağçalarının yerləşdiyi binaların da ciddi zərər gördüyü bildirilib. Nazirlər Kabinetinin müvafiq sərəncamı ilə ayrılmış vəsait hesabına rayonda zəlzələdən zərər çəkmiş doqquz uşaq bağçasında yeni tikinti və bərpa-gücləndirilmə işlərinə başlanılıb. Bu bağçalardan səkkizi artıq istifadəyə verilib. Muğanlı kəndində tikilən sonuncu uşaq bağçasının da yaxın vaxtlarda istifadəyə verilməsi nəzərdə tutulur.

Qeyd olunub ki, bundan əlavə, Heydər Əliyev Fondu tərəfindən həyata keçirilən “Məktəbəqədər təhsil müəssisələrinin inkişafı” proqramı çərçivəsində hazırda Zaqatala şəhərində inşa olunan hər biri 100 yerlik iki uşaq bağçasının tikintisində son tamamlama işləri görülür.

Vurğulanıb ki, ölkəmizdə uşaqlara dövlət səviyyəsində göstərilən diqqət və qayğının nəticəsində son dövrlər Əliabad qəsəbəsində iki yeni məktəb binası və üç uşaq bağçası tikilib istifadəyə verilib.

Sonra tədbir iştirakçıları bağçada yaradılan şəraitlə tanış olublar. Bildirilib ki, ötən əsrin 70-ci illərində inşa edilən bu bina demək olar ki, yenidən tikilib. Otuz beş yerlik iki qruplu uşaq bağçası zəruri inventar və avadanlıqla, həmçinin yumşaq yataq dəsti, otaq və mətbəx mebeli ilə təmin olunub.

Keçidlər