Xocalı faciəsinin 23-cü ildönümü Zaqatala rayonunda silsilə tədbirlərlə qeyd olunur
Xalqımızın tarixinə qanla yazılmış Xocalı faciəsinin 23-cü ildönümü Zaqatala rayonunda da silsilə tədbirlərlə qeyd olunur. Növbəti belə tədbir fevralın 26-da keçirilib. Zaqatala şəhərində keçirilən “Bir gecənin faciəsi” adlı anma mərasiminin iştirakçıları əvvəlcə soyqırımı qurbanlarının xatirəsinə ucaldılmış abidənin önünə gül-çiçək düzüb, Qarabağ uğrunda döyüşlərdə həlak olanların xatirəsini ehtiramla yad ediblər. Sonra tədbir iştirakçıları rayon mədəniyyət evinin foyesində “Qan yaddaşımız” adlı sərgi ilə tanış olublar. Rayonun rəhbər işçilərinin, ziyalıların, ağsaqqal və gənclərin, Zaqatalada məskunlaşmış Xocalıdan olan məcburi köçkünlərin iştirak etdikləri anma mərasimində faciənin dəhşətlərini əks etdirən sənədli film nümayiş olunub. Çıxışlarda erməni millətçilərinin əsrlər boyu xalqımıza qarşı həyata keçirdikləri soyqırımı siyasətindən geniş bəhs edilib, Xocalı faciəsinin acı nəticələri konkret faktlarla diqqətə çatdırılıb. Qeyd olunub ki, ərazilərimizin 20 faizinin düşmən tapdağı altında olduğu, bir milyondan artıq soydaşımızın qaçqın və məcburi köçkün həyatı yaşadığı bir dövrdə keçmişi tanımaq və tanıtdırmaq ölkəmizin bu günü və gələcəyi üçün böyük əhəmiyyət daşıyır. Azərbaycan xalqına qarşı törədilən vəhşiliklərlə bağlı tarixi hadisələrin ölkə daxilində və ölkədən kənarda tanıdılması məqsədi ilə görülən işlər dövlətimizin həyata keçirdiyi siyasətin mühüm tərkib hissəsidir. Artıq dünyanın bəzi ölkələrində erməni millətçilərinin törətdikləri faciələr soyqırımı aktı kimi tanınır. Çıxış edənlər Xocalı həqiqətlərinin dünyaya çatdırılmasında, bu dəhşətli qətliama obyektiv qiymət verilməsində Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın, həmçinin Fondun vitse-prezidenti Leyla Əliyevanın xidmətlərini yüksək qiymətləndiriblər.
Sonda Zaqatala rayonunda yaşayan Xocalı sakinləri adından Prezident İlham Əliyevə müraciət qəbul olunub.