Şriftin ölçüsü :

Saytın rəngi :

20 Yanvar faciəsinin 36-cı ildönümü qeyd edildi

20 yanvar 2026 | 11:27
Bu gün bəşər tarixinin insanlığa qarşı törədilmiş ən ağır cinayətlərdən biri olan “20 yanvar” faciəsinin 36-ci ildönümü ilə əlaqədar tədbir keçirilmişdir.
Zaqatala rayon icra hakimiyyətinin başçısı Mübariz Əhmədzadə, hüquq-mühafizə orqanlarının rəhbərləri, şəhid ailələrinin üzvləri və rayon ictimaiyyətinin nümayəndələri “Şəhidlər xiyabanı” kompleksinə gələrək Azərbaycanın müstəqilliyi, ərazi bütövlüyü və suverenliyi uğrunda canlarından keçərək şəhidlik zirvəsinə ucalmış Vətən övladlarının əziz xatirəsi dərin ehtiramla yad etmiş, önünə gül-çiçək dəstələri düzmüşlər.
Daha sonra rayon Heydər Əliyev Mərkəzində “20 yanvar faciəsi qan yaddaşımızdır” mövzusunda elmi-praktik konfrans keçirilmişdir. Dövlət himninin səsləndirilməsindən sonra tədbir iştirakçıları 20 yanvar faciəsinə həsr olunmuş “Qan yaddaşı” adlı rəsm sərgisinə baxış keçirmiş, 20 yanvar faciəsində, eləcə də Azərbayacan Respublikasının müstəqilliyi və ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə şəhid olanların xatirəsini bir dəqiqəlik sükutla yad etmişlər. Sonra 20 yanvar faciəsinə həsr olunmuş sənədli film nümayiş etdirilmişdir.
Konfransda rayon icra hakimiyyətinin başçısı Mübariz Əhmədzadənin geniş məruzəsi dinlənilmişdir. Məruzədə rayon rəhbəri ümummilli liderimiz Heydər Əliyevin 1990-cı il yanvarın 21-də sovet imperiyasının bütün qadağalarına baxmayaraq Moskvadakı Azərbaycan nümayəndəliyinə gələrək xalqımıza qarşı törədilmiş bu qanlı cinayətlərin təşkilatçılarını və iştirakçılarını pisləyərək bəyanat verdiyini və bu bəyanatın xalqımızın haqq səsini müdafiə edən və onun köməksiz olmadığını bütün dünyaya yayan cəsarətli bir addım olduğunu bildirmişdir. Natiq qeyd etmişdir ki, məhz ulu öndərimiz yenidən hakimiyyətə qayıtdıqdan sonra 20 yanvar hadisələrinə hüquqi-siyasi qiymət verilmiş, qanlı faciənin bütün dünyaya tanıdılması üçün çox iş görülmüşdür. Məruzədə Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda həlak olan şəhidlərin adlarının əbədiləşdirilməsi, şəhid ailələrinə diqqət və qayğının artırılması sahəsində Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin fəaliyyətinin xalqımız tərəfindən yüksək qiymətləndirildiyini və “20 Yanvar”ın faciəli tərəfləri ilə birlikdə Azərbaycan tarixinə milli azadlıq, dövlət müstəqilliyi uğrunda mübarizənin zirvəsi kimi daxil olduğu xüsusi vurğulanmışdır.
20 yanvar faciəsinin 36-cı ildönümü ilə bağlı rayonun bütün yaşayış məntəqələrində, təhsil, səhiyyə və mədəniyyət ocaqlarında dövlət bayraqları endirilmiş, anma mərasimləri keçirilmişdir.
Yanvarın 20-də saat 12:00-da ölkəmizin bütün ərazisində olduğu kimi, Zaqatala şəhərində də 20 Yanvar şəhidlərinin xatirəsi bir dəqiqəlik sükutla yad olunub. Sükut dəqiqəsi zamanı nəqliyyatın hərəkəti dayanıb, avtomobillərdən səs siqnalları verilib. Rayon ictimaiyyəti ehtiramla şəhidlərin xatirəsini anıblar.
Keçidlər