Şriftin ölçüsü :

Saytın rəngi :

20 Yanvar faciəsinin 35-ci ildönümü qeyd edildi

20 yanvar 2025 | 13:15
Qan yaddaşımıza silinməz faciə kimi yazılmış 20 Yanvar, eyni zamanda, xalqımızın tarixində qəhrəmanlıq səhifəsidir. 35 il öncə həmin gecədə şəhid olan Vətən oğulları Azərbaycanın tarixinə şanlı səhifə yazıblar.
Rayonumuzda səhər saatlarında "Şəhidlər Xatirə Kompleksi"ndən başlayan anım mərasimləri rayonun bütün ərazisində, şəhər, qəsəbə və kəndlərində günün sonunadək davam edəcək.
Rayon ictimaiyyəti 20 Yanvar faciəsinin qurbanlarının timsalında Vətən uğrunda canlarından keçən bütün şəhidlərin xatirəsini ehtiramla yad etmiş.

Rayon Heydər Əliyev Mərkəzində “20 Yanvar - tariximizin qanlı və şanlı səhifəsi” mövzusunda tədbir keçirilib. Tədbirdə Zaqatala Rayon İcra Hakimiyyətinin, YAP Zaqatala rayon təşkilatının, hüquq-mühafizə orqanları, idarə, müəssisə, təşkilat rəhbərləri, şəhid ailələri, qazilər və ictimaiyyət nümayəndələri iştirak ediblər.

Tədbir Azərbaycanın Dövlət Himninin səsləndirilməsi ilə başlayıb. Bütün şəhidlərin ruhu bir dəqiqəlik sükutla yad edilib. 

Tədbirdə çıxışedən natiqlər bildiriblər ki, əsası Ulu Öndər tərəfindən qoyulan və bu siyasətin layiqli davamçısı Prezident İlham Əliyevin qətiyyətli fəaliyyətinin nəticəsində dünya ölkələri içərisində ölkəmiz inkişafına, nüfuzuna görə xüsusilə seçilir.

Qeyd edilib ki, şəhidlərin xatirəsi uca tutulur, şəhid ailələrinin sosial məsələlərinin həll olunmasına xüsusi diqqət ayrılır. Prezident İlham Əliyevin təşəbbüsü ilə 20 Yanvar hadisələri ilə əlaqədar əlilliyi olan şəxslər və şəhid ailələri üçün effektiv sosial müdafiə sistemi formalaşıb.

Diqqətə çatdırılıb ki, 20 Yanvar hadisələrinə ilk siyasi qiymət məhz Ümummilli Lider Heydər Əliyev tərəfindən verilib. 1990-cı il yanvarın 21-də sovet rejiminin qadağalarına rəğmən həyatını təhlükə qarşısında qoyaraq Azərbaycanın Moskvadakı daimi nümayəndəliyinə gələn Ulu Öndər qanlı faciənin təşkilatçılarını dünya ictimaiyyəti qarşısında ittiham etdi. Cəsarətli bəyanat verərək əliyalın xalqın qırılmasını hüquqa, demokratiyaya, humanizmə zidd, Moskvanın və respublika rəhbərlərinin günahı üzündən yol verilmiş kobud siyasi səhv kimi ifşa etdi.

Azərbaycanın milli-azadlıq hərəkatında xüsusi yeri və rolu olan, Azərbaycan tarixində qan yaddaşı kimi yazılmış 20 Yanvar hadisələri, eyni zamanda, xalqımızın tarixində bir qəhrəmanlıq səhifəsidir. 20 Yanvar hadisəsi zamanı 147 nəfər şəhid olmuş, 638 nəfər ağır xəsarət almış, onlardan 331 nəfəri əlil olmuşdur. 841 nəfər həbs olunaraq, müxtəlif işgəncələrə məruz qalıb. Tədbirdən sonra saat 12:00-da şəhər ərazisində Şəhidlərin xatirəsi 1 dəqiqəlik sükutla yad edilmişdir. 

Keçidlər