Zaqatala məktəbliləri ulu öndər Heydər Əliyevin irsini öyrənirlər
Ümummilli Liderin zəngin irsinin öyrənilməsi məqsədilə Zaqatala şəhərindəki Heydər Əliyev Mərkəzində ümumtəhsil məktəblərinin XI sinif şagirdləri üçün fevralın 23-də keçirilən növbəti açıq dərs “Azərbaycanda hüquqi və demokratik dövlət quruculuğunun həyata keçirilməsi” mövzusuna həsr olunub.
Tarix müəllimi Könül Əliyevanın tədris etdiyi dərsdə rayonun Qımır və Yengian kənd tam orta məktəblərinin şagirdləri iştirak ediblər.
“Açıq dərs”də bütün həyat və fəaliyyətini öz xalqının xoşbəxtliyinə həsr etmiş ümummilli lider Heydər Əliyevin demokratik dövlət quruculuğu prosesindəki rolu və xidmətlərindən ətraflı bəhs olunub.
Tədris prosesində şagirdlər 1995-ci il noyabrın 12-də ulu öndər Heydər Əliyevin rəhbərliyi ilə hazırlanmış müstəqil Azərbaycanın ilk Konstitusiyasının qəbul edilməsi, Konstitusiyada bəşəri və milli-mənəvi dəyərlərin, demokratik prinsiplərin öz əksini tapması, demokratik seçki sistemi və onun həyata keçirilməsi ənənələrinin əsasının qoyulması, hakimiyyətin bölünməsi prinsipinin təsbit olunması barədə dolğun məlumatlar əldə ediblər.
Bildirilib ki, 1998-ci ildə Azərbaycanda senzuranın və ölüm hökmünün ləğv edilməsi, Konstitusiya Məhkəməsinin, 1999-cu ildə yerli özüniidarəetmə orqanı olan bələdiyyələrin təşkili, 2001-ci ildə Ombudsman təsisatının yaradılması ümummilli lider Heydər Əliyev tərəfindən hüquqi və demokratik dövlət quruculuğu sahəsində həyata keçirilən tədbirlərin real təcəssümüdür.
Tədris prosesində şagirdlər mərkəzdə Ulu Öndərin həyat və fəaliyyətinə dair ekspozisiya ilə tanış olublar.