Zaqatala əhalisinin tibbi müayinəsi davam edir
Prezident İlham Əliyevin tapşırığına əsasən, bu il fevralın əvvəlində başlanan əhalinin pulsuz tibbi müayinəsi aksiyası Zaqatala rayonunda da uğurla davam etdirilir. Bu xeyirxah aksiyadan indiyədək 24 minə yaxın rayon sakini yararlanıb.
Tibbi müayinələrin gedişi barədə məlumat verən rayon mərkəzi xəstəxanasının baş həkimi Leyla Seyidəliyeva bildirib ki, müayinələrin keçirildiyi mərkəzi rayon xəstəxanasının poliklinika şöbəsinə, eləcə də Müalicə-Diaqnostika Mərkəzi, Əliabad qəsəbə, Danaçı və Yeni Suvagil kənd sahə xəstəxanalarına hər gün yüzlərlə sakin müraciət edir. Müayinə olunanlar arasında ürək-damar, zob, qan təzyiqi, böyrək və revmatik xəstəliklərdən əziyyət çəkənlər çoxluq təşkil edir.
Baş həkimin bildirdiyinə görə, indiyədək müayinədən keçənlərin 1312 nəfəri ambulator, 365 nəfəri stasionar müalicəyə cəlb olunub. 11 nəfər isə paytaxtın ixtisaslaşdırılmış tibb müəssisələrinə göndərilib.
Tibbi müayinədən keçən sakinlər yaradılan şəraitə görə dövlətimizin başçısına minnətdarlıqlarını bildirirlər.