Zaqatala Rayon İcra Hakimiyyətində 2014-cü ilin yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş müşavirə keçirilib.
Zaqatala Rayon İcra Hakimiyyətində 2014-cü ilin yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş müşavirə keçirilib.
Tədbirin iştirakçıları əvvəlcə ümummilli lider Heydər Əliyevin mədəniyyət və istirahət parkında ucaldılan abidəsi önünə gül-çiçək düzüb, dahi rəhbərin xatirəsini ehtiramla yad ediblər.
Sonra iştirakçılar icra hakimiyyətinin foyesində rayonda istehsal olunan məhsulların sərgisinə baxıblar.
Hesabat məruzəsində bildirilib ki, 2014-cü ildə Zaqatalada tikinti sahəsi istisna olmaqla, 180,8 milyon manatlıq məhsul istehsal edilib və xidmətlər göstərilib. Bu göstərici əvvəlki illə müqayisədə 6,3 faiz çoxdur. Məhsul istehsalı 2013-cü ilə nisbətən sənayedə 28,6 faiz, kənd təsərrüfatında 3,3 faiz, rabitədə 20,4 faiz, ticarətdə 2,1 faiz, nəqliyyatda isə 3,5 faiz artıb. Əvvəlki illə müqayisədə pərakəndə əmtəə dövriyyəsi 5,1 faiz, pullu xidmətlərin həcmi isə 0,6 faiz çoxalıb.
Hesabat dövründə rayonda 1401-i daimi olmaqla 1476 yeni iş yeri açılıb.
Diqqətə çatdırılıb ki, 2014-cü ildə rayonda bütün maliyyə mənbələri hesabına 26 milyon manat həcmində tikinti, abadlıq və quruculuq işləri görülüb. Ötən il Zaqatala şəhərində Heydər Əliyev Mərkəzi üçün inşa edilən yeni binanın, Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğın Nəzarəti Xidməti rayon şöbəsinin depo binasının, Əliabad qəsəbəsində və Çobankol kəndində yanğından mühafizə bölmələrinin, maliyyə idarəsi və rayon məhkəməsi üçün yeni inzibati binaların, su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması layihəsi çərçivəsində gündəlik məhsuldarlığı 10 min kubmetr olan çirkab su təmizləyici qurğular kompleksinin tikintisi başa çatdırılıb, Qandax kəndində tibb məntəqəsi istifadəyə verilib. Azərbaycan Müəllimlər İnstitutunun Zaqatala filialı üçün inşa edilən yeni binanın tikintisi davam etdirilib. Zaqatala şəhərinin mərkəzində yeraltı piyada keçidinin tikintisinə başlanılıb.
Qeyd olunub ki, bölgədə baş vermiş zəlzələnin nəticələrinin aradan qaldırılması istiqamətində tədbirlər 2014-cü ildə də davam etdirilib, Aşağı Tala, Yuxarı Tala və Kürdəmir kəndlərində zəlzələdən zərər görmüş məktəblər üçün 600, 360 və 50 şagird yerlik yeni məktəb binaları tikilib istifadəyə verilib. Yuxarı Tala və Yengiyan kəndlərində dövlət vəsaiti hesabına yeni məktəb binalarının tikintisinə başlanılıb.
Bundan əlavə, Nazirlər Kabinetinin müvafiq sərəncamı ilə ayrılmış vəsait hesabına Zaqatala şəhərində, Lahıc, Danaçı, Faldarlı və Muxax kəndlərində zəlzələdən zərər çəkmiş 4 uşaq bağçası üçün yeni binalar tikilib istifadəyə verilib, 2 uşaq bağçasında bərpa-gücləndirilmə işləri aparılıb. Eyni zamanda, Heydər Əliyev Fondunun təşəbbüsü ilə Zaqatala şəhərində 100 yerlik yeni uşaq bağçasının tikintisinə başlanılıb. Həmin layihə çərçivəsində 100 yerlik daha bir uşaq bağçası şəhərin yeni yaşayış kompleksindəki yaşayış binasının birinci mərtəbəsində fəaliyyət göstərəcəkdir.
Məlumat verilib ki, ötən il iqlim şəraitinin əlverişsiz olmasına baxmayaraq, həyata keçirilən məqsədyönlü tədbirlər nəticəsində aqrar sahədə məhsul istehsalı əvvəlki ilə nisbətən 3,3 faiz artaraq 103,3 milyon manat olub. Rayonun təsərrüfatlarında 2015-ci ilin məhsulu üçün 12 min 148 hektar sahədə payızlıq taxıl səpini həyata keçirilib. Əkin sahələri əvvəlki illə müqayisədə 66 hektar artıb.
Azərbaycan Prezidentinin “Əkin sahələrinin suvarma suyu ilə təminatının yaxşılaşdırması və əhalinin içməli suya olan tələbatının ödənilməsinə dair əlavə tədbirlər haqqında” 2014-cü il 29 yanvar tarixli Sərəncamının icrası olaraq ötən il “Meliorasiya və Su Təsərrüfatı” ASC tərəfindən rayon ərazisində 18 ədəd subartezian quyusu qazılıb. 2100 hektar əkin sahəsinin suvarılmasına xidmət edən ikipilləli Alazan nasos stansiyasında təmir-bərpa işləri davam etdirilib. Azərbaycan Prezidentinin 2014-cü il 25 dekabr tarixli Sərəncamına əsasən, 2015-ci ildə rayonda daha 12 ədəd subartezian quyusunun qazılması nəzərdə tutulub.
Müşavirədə, həmçinin 2014-cü ildə əhalinin təbii qaz, elektrik enerjisi, içməli su və digər xidmətlərlə təminatının yaxşılaşdırılması, vətəndaşların müraciətlərinə baxılması sahəsində görülən işlərdən bəhs edilib, qarşıda duran vəzifələrə toxunulub.
Yığıncaqda Azərbaycan Respublikasının Prezidenti Administrasiyasının məsul işçisi Əflatun Rufiyev və Milli Məclisin deputatı Kamilə Əliyeva çıxış edərək 2014-cü ildə respublikamızda sosial-iqtisadi sahədə qazanılan uğurlardan danışıb, cari ildə rayonda bütün sahələrdə inkişafa nail olmaq məqsədilə tövsiyələrini veriblər.
2014-cü ildə səmərəli fəaliyyətinə görə bir qrup şəxs rayon icra hakimiyyətinin fəxri fərmanı və hədiyyələri ilə mükafatlandırılıb.
Yeni Azərbaycan Partiyasının sıralarına yeni daxil olan gənclərə partiyanın üzvlük vəsiqələri təqdim edilib.
Sonda yığıncaq iştirakçıları adından Azərbaycan Prezidenti İlham Əliyevə müraciət qəbul olunub.