Azərbaycan xalqının qan yaddaşına əbədi həkk olunmuş 20 Yanvar faciəsindən 25 il ötür
Azərbaycan xalqının qan yaddaşına əbədi həkk olunmuş 20 Yanvar faciəsindən 25 il ötür. Qanlı Yanvar hadisələrinin ildönümü Zaqatala rayonunda da xalqımızın qəhrəmanlıq salnaməsi, şərəf və fəxarət günü kimi qeyd olunur.
Qanlı Yanvar faciəsinin ildönümü ilə bağlı yanvarın 19-da Zaqatala şəhərində keçirilən ümumrayon tədbirinin iştirakçıları əvvəlcə şəhər qəbiristanlığına gələrək, Vətənimizin azadlığı, müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarını qurban vermiş igid həmvətənlərin məzarlarını ziyarət ediblər.
Rayonun əmək kollektivlərinin nümayəndələri, ağsaqqal və gənclər, sadə zaqatalalılar sonra şəhidlərin xatirəsinə şəhərin mərkəzində ucaldılmış abidə-kompleksinin önünə qırmızı qərənfillər düzüb, şəhidlərin müqəddəs ruhları qarşısında baş əyiblər.
Tədbir iştirakçıları daha sonra tədbirin keçirildiyi rayon mədəniyyət evinin foyesində “Tariximizin qan yaddaşı” adlı rəsm və kitab sərgisi ilə tanış olublar.
20 Yanvar hadisələrindən bəhs edən sənədli film nümayiş etdirilib.
Tədbirdə səslənən məruzə və çıxışlarda 1990-cı il yanvarın 20-də baş verən faciəli hadisələrin süquta uğramaqda olan Sovet imperiyasının xalqımıza qarşı törətdiyi amansız cinayət olduğu qeyd edilib. Bildirilib ki, bu hadisələr, eyni zamanda, xalqımızın azadlıq və müstəqillik uğrunda mübarizəsinin kulminasiya nöqtəsi olmaqla, müasir tariximizə qürur və şərəf mübarizəsi, qəhrəmanlıq salnaməsinin yazıldığı gün kimi daxil olub. Vurğulanıb ki, 20 Yanvar bizim özümüzü bir millət kimi tanıdığımız və dərk etdiyimiz gündür, milli azadlıq hərəkatının zirvəsidir. 20 Yanvar Azərbaycan xalqının milli bütövlüyünü təsdiqləyən ən böyük hadisələrdən biri kimi tarixin yaddaşına əbədi həkk olunub. Bu faciə xalqı yumruq kimi birləşdirib və bütün dünya azərbaycanlılarının gücünü ifadə edib.
Mərasimdə məhz Ulu Öndərin yenidən hakimiyyətə qayıdışından sonra 20 Yanvar hadisələrinə hüquqi-siyasi qiymətin verildiyi, qanlı faciənin əsl günahkarlarının bütün dünyaya tanıdılması üçün zəruri işlərin görüldüyü diqqətə çatdırılıb. Vurğulanıb ki, Ulu Öndərin yolunu uğurla davam etdirən Azərbaycan Prezidenti İlham Əliyev şəhidlərin xatirəsinin uca tutulmasına, onların ailələrinin sosial məsələlərinin həllinə daim xüsusi diqqət göstərir.
Tədbirin sonunda şəhidlərin xatirəsinə həsr olunan ədəbi-bədii kompozisiya nümayiş etdirilib.