Şriftin ölçüsü :

Saytın rəngi :

Zaqatala məktəbliləri 20 Yanvar faciəsi qurbanlarının xatirəsini anırlar

15 yanvar 2015 | 16:00

Zaqatala şəhərindəki 20 Yanvar şəhidlərinin xatirəsinə ucaldılmış abidə-kompleksi ziyarət edənlərin sayı bu günlər daha da artıb.
Faciənin ildönümü ilə əlaqədar tərtib edilmiş ümumrayon tədbirlər planına uyğun olaraq, yanvarın 15-dən etibarən abidə-kompleksin önündə rayonun ümumtəhsil məktəblərinin şagirdlərinə 20 Yanvar şəhidlərinin xatirəsinə həsr olunmuş xüsusi açıq dərslərin keçirilməsinə başlanılıb.
Məktəblilər əvvəlcə abidə-kompleksin önünə qırmızı qərənfillər düzür, şəhidlərin xatirəsini ehtiramla yad edirlər.
Açıq dərslərdə 1990-cı il yanvarın 20-də sovet imperiyası ordusunun Bakı şəhərində xüsusi qəddarlıqla həyata keçirdiyi qətliamın xalqımıza qarşı törədilmiş ən dəhşətli cinayət, eyni zamanda, bəşər tarixinin ən qanlı terror aktlarından biri olduğu diqqətə çatdırılır. Bildirilir ki, 20 Yanvar Azərbaycanın azadlığı və ərazi bütövlüyü uğrunda mübarizə tarixinə həm də qəhrəmanlıq səhifəsi kimi daxil olub. Həmin gecə öz ölkəsinin, xalqının azadlığını, şərəf və ləyaqətini uca tutan mərd Vətən övladları canlarından keçərək şəhidlik zirvəsinə ucalıblar.

 

Keçidlər