Şriftin ölçüsü :

Saytın rəngi :

Ulu öndər Heydər Əliyev tərəqqinin və uğurların əldə edilməsində təhsilin rolunu həmişə yüksək qiymətləndirib

17 dekabr 2014 | 16:00

Zaqatala, 17 dekabr, Mustafa Dadaşov, AzərTAc

Azərbaycan xalqının XX əsrdə yetişdirdiyi nadir şəxsiyyət, ümummilli lider Heydər Əliyevin zəngin nəzəri irsində və fəaliyyətində təhsil məsələləri daim xüsusi yer tutub. Ulu Öndər ölkənin və xalqın taleyində, hərtərəfli tərəqqisində, uğurlar qazanmasında təhsilin xüsusi rolunu həmişə nəzərə alıb, yüksək dəyərləndirib. Ümummilli lider Heydər Əliyev ölkəmizə rəhbərliyinin istər birinci, istərsə də ikinci dövründə təhsilə, təlim-tərbiyəyə daim strateji sahə kimi baxıb, Azərbaycan təhsilinin hərtərəfli yüksəlişi qayğısına qalıb, Vətənin, xalqın tərəqqisində təhsilin rolunu çox yüksək qiymətləndirib və bu sahədə böyük inkişafa rəvac verən sistemli tədbirlər həyata keçirib.
Bu tezislər Ulu Öndərin irsinin öyrənilməsi məqsədi ilə dekabrın 17-də Zaqatala şəhərindəki Heydər Əliyev Mərkəzində Danaçı kənd 2 nömrəli tam orta məktəbinin XI sinif şagirdlərinə keçirilən açıq dərs zamanı səsləndirilib.
Tarix müəllimi Sakit Həsənovun tədris etdiyi açıq dərs “Heydər Əliyev və Azərbaycanın təhsil siyasəti” mövzusuna həsr olunub.
Tədris prosesində şagirdlərin diqqətinə çatdırılıb ki, təhsil sahəsinin xalqımızın bu günü, millətin, dövlətin gələcəyi üçün ən vacib bir sahə olduğunu bildirən müdrik rəhbər Azərbaycan təhsilinin inkişafı naminə çox böyük işlər görüb. Böyük dövlət xadimi təhsilə yalnız savad, bilik qazanmaq, elm öyrənmək imkanı kimi baxmayıb, bütövlükdə hər bir insanın həyatını düzgün qurmasında, fəal vətəndaş mövqeyinin formalaşmasında, cəmiyyətdə gedən tərəqqi prosesində yaxından iştirak etməsində təhsilin mühüm rola malik olduğunu daim önə çəkib. Ümumtəhsil məktəblərində qazanılan biliklərin mahiyyətini, mündəricəsini yüksək qiymətləndirən Ulu Öndər hər bir insanın həyat mövqeyinin formalaşmasında, cəmiyyətdə öz yerini tutmasında orta təhsilin çox böyük əhəmiyyət daşıdığını bildirib.
Tədris prosesində şagirdlər Mərkəzdə Ümummilli Liderin həyat və fəaliyyətinə dair zəngin ekspozisiya ilə də yaxından tanış olublar.
Qeyd edək ki, noyabrın 3-dən başlayan açıq dərslərdə indiyədək rayonun 31 ümumtəhsil məktəbində təhsil alan 784 şagird Ulu Öndərin həyat və fəaliyyəti, zəngin irsi barədə ətraflı məlumat əldə edib.

Keçidlər