Körpə fidanlar Yeni ili yeni uşaq bağçasında qarşılayırlar
Zaqatala, 24 dekabr, Mustafa Dadaşov, AzərTAc.
Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il ərəfəsində, uşaqların sevimli dostu olan Prezident İlham Əliyevin ad günündə Zaqatala şəhərindəki şəhid Bayram İsayev adına 2 nömrəli körpələr evi-uşaq bağçasının körpə fidanları çox dəyərli bayram hədiyyəsi alıblar. 2012-ci ilin mayında baş vermiş zəlzələ nəticəsində qəzalı vəziyyətə düşmüş uşaq bağçası üçün inşa olunan yeni binanın tikintisi artıq başa çatdırılıb və bu məktəbəqədər tərbiyə ocağı dekabrın 24-də balacaların istifadəsinə verilib.
Bu münasibətlə keçirilən mərasimdə bildirilib ki, həmin dəhşətli zəlzələ zamanı rayonda fərdi tikililərlə yanaşı, sosial təyinatlı obyektlərə, o cümlədən uşaq bağçalarının yerləşdiyi binalara da ciddi zərər dəymişdi. Nazirlər Kabinetinin müvafiq sərəncamı ilə ayrılan vəsait hesabına ötən il rayonda zəlzələdən zərər çəkmiş 9 uşaq bağçasında tikinti və bərpa-gücləndirilmə işlərinə başlanılıb. İndiyədək bu tərbiyə ocağı da daxil olmaqla, uşaq bağçalarından 8-i istifadəyə verilib. Muğanlı kəndində inşa olunan sonuncu bağçada isə hazırda son tamamlama işləri görülür.
Diqqətə çatdırılıb ki, bundan əlavə, Heydər Əliyev Fondu tərəfindən cəmiyyətə təqdim olunan “Məktəbəqədər təhsil müəssisələrinin inkişafı” proqramı çərçivəsində hazırda Zaqatala şəhərində hər biri 100 yerlik iki yeni uşaq bağçasının tikintisi də davam etdirilir.
Mərasimdə çıxış edənlər əlamətdar bayramlar ərəfəsində gerçəkləşdirilən belə dəyərli hədiyyəyə görə Prezident İlham Əliyevə dərin minnətdarlıqlarını bildirib, zaqatalalılar adından dövlətimizin başçısını ad günü münasibətilə təbrik ediblər.
Sonra tədbir iştirakçıları uşaq bağçasında yaradılan şəraitlə yaxından tanış olublar. İkimərtəbəli, 50 yerlik uşaq bağçasında 3 qrup fəaliyyət göstərir. Bağçanın tikintisinə ötən ilin noyabrında başlanılıb. Bütün otaqlar zəruri inventar və avadanlıqla, həmçinin yumşaq yataq dəsti, otaq və mətbəx mebelləri ilə təmin olunub.
Daha sonra rayon rəhbərliyi və ictimaiyyətin nümayəndələri daxili imkanlar hesabına təmir olunan şəhərdəki 3 nömrəli uşaq bağçasına baxış keçiriblər.