Zaqatalada baharın gəlişi böyük təntənə ilə qeyd olunmuşdur
Xalqımızın ən əziz bayramı olan Novruz Zaqatala rayonunda da böyük sevinc və xoş əhvali-ruhiyyə ilə qeyd olunmuşdur. Milli birliyimizin rəmzinə çevrilmiş bu bayram münasibətilə martın 20-də Zaqatala şəhərindəki XIX əsrə aid tarixi memarlıq abidəsi “Zaqatala qalası”nın ərazisindəki geniş meydanda ümumxalq şənliyi keçirilmişdir. Yaşıl səməni və xonçalarla, al-əlvan plakatlarla bəzədilmiş meydan tədbirində minlərlə zaqatalalı, həmçinin rayonun qonaqları iştirak etmişlər. Bayram şənliyi meydana Bahar qızın gəlişi ilə başlanmışdır. Dədə Qorqudun tədbir iştirakçılarına təbrikindən sonra meydanın müxtəlif yerlərində qurulmuş bayram tonqalları alovlandırılmışdır.
Sonra rayon rəhbərliyi və qonaqlar meydanda təşkil olunmuş xalq tətbiqi sənət nümunələrindən ibarət sərgilərə, ayrı-ayrı əmək kollektivlərinin, qəsəbə və kənd ərazi icra nümayəndəliklərinin, bələdiyyələrin təşkil etdikləri bayram guşələrinə baxmış, el sənətkarlarının əl işləri, habelə milli mətbəx nümunələri ilə tanış olmuş, pəhləvanların, kəndirbazların çıxışlarını izləmişlər.
Rayon icra hakimiyyətinin başçısı Mübariz Əhmədzadə zaqatalalıları xalqımızın qədim el bayramı olan Novruz münasibətilə təbrik etmiş, həmvətənlərimizə sevinc dolu günlər, bolluq, bərəkət arzulamışdır. Natiq bildirmişdir ki, Novruz bayramının əsl el şənliyi, dövlət səviyyəsində qeyd olunması məhz ümummilli liderimiz Heydər Əliyevin adı ilə bağlıdır. Qeyd olunmuşdur ki, Heydər Əliyev Fondunun prezidenti, YUNESCO-nun və İSESCO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyevanın apardığı məqsədyönlü iş nəticəsində Novruz bayramı YUNESCO-nun qeyri-maddi mədəni irs siyahısına salınmışdır.
Axşam saatlarınadək davam edən bayram şənliyində rayonun bədii özfəaliyyət kollektivləri, habelə respublikamızın tanınmış incəsənət ustaları rəngarəng konsert proqramı ilə çıxış etmişlər.