Alıcılar bayram yarmarkasındakı qiymətlərdən razıdırlar
31 dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə Zaqatala şəhərinin mərkəzi küçələrindən birində, əhalinin gediş-gəlişinin sıx olduğu yerdə təşkil edilən bayram satış yarmarkası əhali tərəfindən razılıqla qarşılanıb.
Azərbaycan Respublikası Prezidentinin “Kənd təsərrüfatı və ərzaq məhsulları bazarının fəaliyyətinin təkmilləşdirilməsi sahəsində əlavə tədbirlər haqqında” 2014-cü il 16 yanvar tarixli Sərəncamının icrasını təmin etmək məqsədi ilə təşkil olunan yarmarka əhalinin ərzaq və kənd təsərrüfatı məhsullarına tələbatının daha dolğun ödənilməsi, həmçinin bazarlardakı süni qiymət artımının qarşısının alınması məqsədi daşıyır.
Yarmarkada satışa əsasən rayonun yaşayış məntəqələrindən gətirilən ət və süd məhsulları, balıq, hind toyuğu, meyvə-tərəvəz məhsulları, bayram çərəzləri çıxarılıb. Məhsullar alıcılara bazardakından 15-20 faiz aşağı qiymətə təklif olunur. Bazarda mal ətinin kiloqramı 6 manat olduğu halda, yarmarkada 5 manata və ya 5 manat 50 qəpiyə, qoyun ətinin kiloqramı bazardakından 1 manat ucuz qiymətə, yəni 6 manata təklif olunur. Balıq əti də bazara nisbətən 1-2 manat ucuz qiymətə satılır. Yeni il süfrələrini bəzəyən hind toyuğunun qiyməti isə bazarlarda 25-35 manat arasında olduğu halda, yarmarkada alıcılara 20-30 manata təklif olunur.
Yarmarkanın ilk günündə 3 tona yaxın mal və qoyun əti, 20 tondan artıq meyvə tərəvəz məhsulları satılıb. Alıcılar yaradılan şəraitdən və qiymətlərdən razılıq edirlər.
Bayram yarmarkası növbəti günlərdə də davam edəcək.