Zaqatala Sərhəd Dəstəsinin Yuxarı Çardaqlar sərhəd zastavasında valideyn günü
Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin diqqət və qayğısı sayəsində Dövlət Sərhəd Xidmətinin maddi-texniki bazasının gücləndirilməsi, bütün hərbi hissələrin müasir silah və texnika ilə təmin olunması, yeni hərbi hissələrdə və sərhəd bölmələrində müasir şəraitin yaradılması nəticəsində Vətənimizin sərhədlərinin etibarlı mühafizəsinin təmin edilməsi istiqamətində yüksək nailiyyətlər əldə edilib.
Şəxsi heyətin mənəvi-psixoloji vəziyyətinin daim yüksək səviyyədə saxlanılması məqsədilə Dövlət Sərhəd Xidmətinin hərbi hissə və bölmələrində müntəzəm olaraq tərbiyəvi və mədəni-kütləvi tədbirlər keçirilir.
Sərhəd dəstəsi rəhbərliyinin, Zaqatala Rayon İcra Hakimiyyətinin və yerli bələdiyyələrin nümayəndələrinin, sərhəd zastavasında xidmət edən əsgərlərin valideynlərinin iştirakı ilə keçirilən tədbirdə əvvəlcə qonaqlara çay süfrəsi arxasında hərbi hissə və sərhəd zastavası barədə ümumi məlumatlar verilib.
Valideynlərlə əsgərlərin şəxsi görüşləri keçirildikdən sonra qonaqlar sərhəd zastavasında yaradılan xidmət və məişət şəraiti ilə tanış olublar.
Tədbirin rəsmi hissəsində çıxış edən Zaqatala Sərhəd Dəstəsinin rəisi, polkovnik Hicran Hüseynov görüşün məqsədi barədə məlumat verib. Vətənimizin sərhədlərinin mühafizəsinə göstərilən dövlət qayğısını, Dövlət Sərhəd Xidmətində gedən dinamik inkişafı, əldə olunmuş uğurları əks etdirən fotoslayd nümayiş etdirilib.
Tədbirdə çıxış edən valideynlər sərhəd zastavasında yaradılan xidmət və məişət şəraitindən razı qaldıqlarını bildirib, sərhədçi əsgərlərə öz tövsiyələrini veriblər.
Daha sonra dövlət sərhədinin mühafizəsinin təşkilində valideynlərin və hərbi kollektivin üzərinə düşən vəzifələr barədə fikir mübadiləsi aparılıb.
Övladlarının xidmətləri ilə bağlı valideynlərin rəy, təklif və iradları dinlənildikdən sonra xidmətdə fərqlənmiş hərbi qulluqçuların həvəsləndirilməsi barədə hərbi hissə komandirinin əmri oxunub, fərqlənən hərbi qulluqçulara “Xidmətdə fərqlənmiş sərhədçi” döş nişanları, fəxri fərmanlar, qiymətli hədiyyələr təqdim edilib.
Fərqlənən hərbi qulluqçuların valideynlərinə “Təşəkkür məktubları” təqdim edilib.
Birgə nahardan sonra tədbir iştirakçıları Dövlət Sərhəd Xidmətinin Zabitlər Evinin “Sərhədçi” vokal-instrumental ansamblının, Zaqatala rayonunun Yuxarı Çardaqlar, Lahıc və Sabunçu kəndlərinin mədəniyyət kollektivlərinin hazırladığı maraqlı konsert proqramına tamaşa ediblər.