Zaqatalalılar 2014-cü ili uğurla yola salırlar
Zaqatalalılar Dünya Azərbaycanlılarının Həmrəyliyi Gününü və Yeni il bayramını böyük ruh yüksəkliyi ilə qeyd edirlər. Bu da təsadüfi deyildir. 2014-cü ildə bu rayonun sakinləri çalışdıqları əmək kollektivlərində, ayrı-ayrı sahələrdə yüksək nailiyyətlər qazanıb, Zaqatalanın inkişafına öz layiqli töhfələrini veriblər.
Bu fikirlər əlamətdar bayramlar münasibətilə Zaqatala şəhərində keçirilən ümumrayon şənliyində tədbir iştirakçılarının təbrik və çıxışlarında səslənib.
Rayon fəallarının, ayrı-ayrı əmək kollektivləri nümayəndələrinin, ağsaqqal və gənclərin iştirak etdikləri bayram tədbirində 31 dekabrın Azərbaycan xalqının tarixində ən yaddaqalan və şərəfli günlərdən biri olduğu vurğulanıb. Diqqətə çatdırılıb ki, müstəqilliyinin əbədiliyini və dönməzliyini bütün dünyaya elan edən Azərbaycan Respublikasının vətəndaşları, eləcə də Yer kürəsinin müxtəlif guşələrində yaşayan 50 milyondan artıq həmvətənimiz hər il bu tarixi günü böyük təntənələrlə qeyd edir.
Qeyd olunub ki, ümummilli lider Heydər Əliyevin siyasi kursunu layiqincə davam etdirən Prezident İlham Əliyevin həyata keçirdiyi məqsədyönlü tədbirlər nəticəsində son illər Azərbaycanın bütün regionlarının, o cümlədən Zaqatala rayonunun sosial-iqtisadi və mədəni həyatında çox böyük dəyişikliklər baş verib, əhalinin güzəranı daha da yaxşılaşıb.
2014-cü ildə rayonun ictimai-siyasi və mədəni həyatında fəal mövqeyi və səmərəli fəaliyyətinə görə fərqlənən şəxslərə rayon icra hakimiyyətinin fəxri fərmanları və qiymətli hədiyyələr təqdim olunub.
Bayram tədbiri mədəniyyət işçiləri və məktəb kollektivlərinin hazırladıqları rəngarəng konsert proqramı ilə davam edib.