Şriftin ölçüsü :

Saytın rəngi :

Zaqatalalı uşaqlar bütün dünyada sülhün bərqərar olmasını arzulayırlar

02 dekabr 2014 | 16:00

Dekabrın 2-də Beynəlxalq Əlillər Günü münasibətilə Zaqatala Rayon Mədəniyyət Evində əlil və xüsusi qayğıya ehtiyacı olan uşaqlar üçün “Dünyaya sülh bəxş edək” mövzusunda tədbir keçirilib. Əlil uşaqlar və onların valideynlərinin, həmçinin uşaq bağçaları və məktəblərdə təlim-tərbiyə alan uşaqların iştirak etdikləri tədbirdə ölkəmizdə əlil uşaqlara göstərilən yüksək dövlət qayğısından danışılıb. Bu qəbildən olan uşaqların cəmiyyətə inteqrasiyası, onların istedadlılıq və yaradıcılıq qabiliyyətlərinin aşkara çıxarılması üçün davamlı tədbirlərin həyata keçirildiyi bildirilib. Bu sahədə Heydər Əliyev Fondunun məqsədyönlü və səmərəli fəaliyyəti xüsusi vurğulanıb. Bildirilib ki, Fondun prezidenti Mehriban xanım Əliyevanın bir ana kimi uşaqlara göstərdiyi yüksək diqqət və qayğı, xəstə və əlil uşaqlara etdiyi yardımlar, yeni uşaq bağçalarının, məktəblərin tikintisi üçün onun rəhbərliyi ilə həyata keçirilən layihələr hamı tərəfindən böyük rəğbətlə qarşılanır. Tədbirdə vurğulanıb ki, bu gün ölkəmizdə yaşayan uşaqlar azad və xoşbəxt olsalar da, dünyanın bir sıra ölkələrinin uşaqları heç də firavan həyat sürmürlər. Bir çox ölkələrdə hələ də müharibələr gedir, qanlar axıdılır. Ölkəmizin uşaqları bütün dünya ölkələrini sülh şəraitində görməyi arzulayırlar. Tədbir rayonun uşaq bağçalarının hazırladıqları maraqlı və rəngarəng konsert proqramı ilə davam edib. Gözbarax və Mamrux kənd uşaq bağçalarının körpə fidanlarının təqdim etdikləri “Sülh nəğməsi” kompozisiyası, Yuxarı Tala kənd uşaq bağçası kollektivinin “Azərbaycan” kompozisiyası, Zaqatala şəhərindəki uşaq bağçalarının təqdim etdikləri milli rəqslər, müxtəlif rəqs kompozisiyaları, eləcə də digər uşaq bağçaları kollektivlərinin çıxışları tamaşaçılar tərəfindən böyük maraqla qarşılanıb.

 

Keçidlər